Qərb Rusiyanı "Suriya tələsi"nə salır - ŞƏRH

Qərb Rusiyanı "Suriya tələsi"nə salır - ŞƏRH Moskvanın Bəşşar Əsədi müdafiə etməsi isə çox güman ki, bu ölkədə və bölgədə Rusiyanın başqa alternativinin olmaması ilə bağlıdır
Analitika
30 Sentyabr , 2015 17:14
Qərb Rusiyanı Suriya tələsinə salır - ŞƏRH

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiya rəsmi formada Suriya münaqişəsinə qoşuldu. Rusiya Federasiya Şurası sentyabrın 30-da ölkə qoşunlarından xaricdə istifadə edilməsinə razılıq verib. 

Senatorlar Rusiya qoşunlarından xaricdə istifadə edilməsinə dair qərara yekdilliklə səs veriblər. Qərar prezident Vladimir Putinin müraciəti əsasında qəbul edilib. 

Qeyd edək ki, Şura sonuncu dəfə 2014-cü il martın 1-də Ukraynadakı böhranla bağlı orduya belə bir icazə vermişdi. Bunun nəticəsində isə Krım ilhaq edildi.

Rusiya rəsmiləri bunun yalnız Suriyaya aid olduğunu, bu ölkədə hərbi-hava qüvvələrindən istifadə ediləcəyini və quru qoşunlarının yeridilməyəcəyini bildirib.

Əslində, Kreml Federasiya Şurasında qərar qəbul etdirməklə hərbçilərinin Suriyaya yeridilməsi ilə bağlı addımına hüquqi don geyindirib. Çünki rus hərbçilərinin və qırıcı təyyarələrinin bu ölkədə mövcudluğu haqda peykdən çəkilən görüntülər, sosial şəbəkələrdə əsgərlərin yazdıqları çoxdan dünyaya yayılıb.

Bu addım Rusiyaya və bölgəyə nə verəcək?

Bununla Moskva Yaxın Şərqə girmək üçün əlinə düşən fürsəti boşa vermək istəmir. Rəsmi Moskva bunu müvəqqəti hal adlandırsa da, Suriyadakı rejimin başçısı Bəşşar Əsədin hərbi yardımla bağlı Rusiyaya müraciət etməsi məsələnin heç də sadə və qəfil olmadığından xəbər verir.

Ehtimal etmək olar ki, Moskva qarşısına bu hədəfləri qoyub: 

- bölgədə möhkəmlənəcək;

- bu ərazilərin perspektivdə İranın əlindən çıxmamasına çalışacaq (çıxacağı halda onu təhdid edəcək);

- Orta Şərqə daha yaxından müdaxilə etmək imkanı qazanacaq;

- keçmiş SSRİ-nin itirdiyi mövqeni bərpa etməyə səy göstərəcək:

- Moskvadan uzaqlaşmağa çalışanlara güc nümayiş etdirəcək;

- bölgədəki mənfəətlərə şərik çıxmağa çalışacaq; 

- İslam dövlətlərinə daha yaxın olduğunu göstərməyə cəhd göstərəcək;

- bölgədə yeni münaqişə ocaqlarının yaradılması fürsəti qazanacaq...

Qeyd edək ki, iki gün öncə Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə görüşüb. Həmin görüşdə Suriyadakı vəziyyətin müzakirə edildiyi haqda xəbər yayılmışdı. Həmin görüşdə liderlər Bəşşar Əsədin hakimiyyətdə qalması ilə bağlı razılığa gəlməmişdi.

Bununla belə, həmin görüşədək verilən bəyanatlarda keçid mərhələdə B.Əsədin də prosesə qoşulacağı istisna edilmirdi.

Ona görə də düşünmək olar ki, Rusiya həm Suriyada möhkəmlənmək, həm də Əsədi müdafiə etmək üçün bu ölkəyə hərbçi göndərib.

Moskvanın Əsədi müdafiə etməsi isə çox güman ki, bu ölkədə və bölgədə Rusiyanın başqa alternativinin olmaması ilə bağlıdır (Elə Qərb dövlətləri də 4 ilə yaxındır Suriyada alternativ güc ortaya qoya bilmirlər).

Vəziyyətin normallaşmasını gecikdirən amillərdən birinin bu olduğu istisna edilmir. Əsədin hərbi yardımla bağlı müraciətinin və Federasiya Şurasının məlum qərarının eyni gündə qəbul edilməsi buna hazırlıq işlərinin çoxdan getdiyini də deməyə əsas verir.

Rusiyanın Suriyada fəallaşmasının Moskvaya ziyanı olacaqmı? Görünür, keçmiş SSRİ-nin Əfqanıstan, Vyetnam, Anqola, Mozambik, Kuba və s. ilə bağlı yaşadıqlarından Kreml dərs çıxarmayıb. 

Rusiya prezidenti Vladimir Putin BMT-nin Baş Assambleyasında çıxışı zamanı buna eyham vurmuşdu. Ancaq o, beynəlxaql aləmdəki məsələlərdə ambisiyalarının olduğunu da gizlətməmişdi.

Odur ki, Moskva Suriyaya ordunu həm də özünün böyük dövlət olmaq eqosunu təmin etmək üçün də göndərə bilər. Ancaq bu kimi ambisiyaları təmin etmək üçün heç şübhəsiz böyük məbləğdə maliyyə vəsaiti lazımdır.

Rusiya Prezident Administrasiyasının başçısı Sergey İvanov isə xaricdə istifadə ediləcək rus qoşununun maliyyə probleminin həll olunduğunu bildirib. Bu halda Moskvanın Suriya əməliyyatının müvəqqəti olacağını ehtimal etmək mümkündür. Çünki indiki vəziyyətdə Kremlin böyük maliyyə xərclərinin qarşısında uzun müddət davam gətirəcəyi az ehtimal edilir. Rusiya Yaxın Şərqdə, o cümlədən Suriyada uzun müddət qalarsa, bunun Moskvaya uğur gətirəcəyi az inandırıcıdır.

Bir məsələyə də toxunmaq istərdik. Suriyada hərbçilərin yerləşdirilməsi Rusiyanın tələyə salınması da ola bilər. Bir qayda olaraq Qərb dünyası təbliğatında həmişə rəqibini, yaxud düşmənini böyüdür. Son illər də bu təbliğat Rusiya ilə bağlı aparılıb. Odur ki, Qərb rus hərbçilərinin Suriyaya göndərilməsinə nail olmaq üçün uzun müddətdir üzərində işlədiyi böyük bir planı da həyata keçirmiş sayıla bilər. 

Son xəbərlər

Orphus sistemi