Rusiyalı ekspert: "Ermənistan daim təhdid etməyə, hədə-qorxu gəlməyə və sonda danışıqlar masasına qayıtmağa məhkumdur" - RƏY

Rusiyalı ekspert: "Ermənistan daim təhdid etməyə, hədə-qorxu gəlməyə və sonda danışıqlar masasına qayıtmağa məhkumdur" - RƏY "Ermənistan istənilən halda danışıqlar masasına qayıdacaq, çünki bu onların status-kvonu qorumaq üçün yeganə yoludur"
Analitika
16 May , 2016 12:56
Rusiyalı ekspert: Ermənistan daim təhdid etməyə, hədə-qorxu gəlməyə və sonda danışıqlar masasına qayıtmağa məhkumdur - RƏY

Bakı. 16 may. REPORT.AZ/ Bugünkü şəraitdə Vyanada keçiriləcək görüşdə Azərbaycan və Ermənistanın gündəlikdə duran məsələləri tam fərqlidir. "Report" xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Yepifantsev bildirib.

"Görüş olarsa, Sarqsyan öz ilkin şərtlərinin - güc tətbiqindən istifadə etməməklə bağlı təminat, aprel münaqişəsinin istintaqı və belə münaqişələrin araşdırması mexanizminin həyata keçirilməsinin yerinə yetirilməsi barədə danışacaq. Əliyev isə Ermənistanın 20 ildən çoxdur işğal etdiyi əraziləri boşaldıb Azərbaycana qaytarmasıyla bağlı real addımların atılmasını tələb edəcək", - deyə A.Yepifantsev söyləyib.

Onun sözlərinə görə, indiki şəraitdə belə bir dialoqun mənası yoxdur. Ekspert bildirib ki, Ermənistan prezidentinin ilkin şərtlərinin yerinə yetirilməməsi təqdirində danışıqları bərpa etməyəcəyiylə bağlı bəyənatının üstündən çox az vaxt keçib və sözünü tutmamaq üçün hələ çox tezdir.

Ekspert şərtlərin Azərbaycan tərəfindən qəbul ediləcəyinə inanmadığını dilə gətirib. O eyni zamanda qeyd edib ki, Ermənistan istənilən halda danışıqlar masasına qayıdacaq, çünki bu onlar üçün həyati önəm daşıyan status-kvonu qorumaq üçün yeganə yoldur.

"Məsələ ondadır ki, "konkret" şərtlərinin yerinə yetirilməməsi Ermənistanın mövqeyini bir qədər də zəiflədəcək, onlar növbəti dəfə simasını itirəcək. Azərbaycanın Ermənistanın nəticəsiz danışıqları sonsuza qədər davam etdirmək taktikasını məhv edəcəyi və məsələni yenidən hərbi müstəviyə keçirəcəyi halda rəsmi Yerevanın, məsələn Rusiya kimi, mübahisəli əraziləri diplomatik, hərbi və ya digər yolla özbaşına həll etmək üçün kifayət qədər çəkisi yoxdur. Bu cür paradiqmada Ermənistan daim təhdid edib, hədə-qorxu gəlib və sonda daha zəifləmiş halda danışıqlar masasına qayıtmağa məhkumdur. Əks təqdirdə müharibə olacaq. Aprelin əvvəlində baş verənlər isə onlar üçün həyəcan siqnalı olub", - deyə A.Yepifantsev vurğulayıb.

Onun sözlərinə görə, hər belə addımdan sonra Ermənistan hökumətinin manevr imkanı daralır.

"Çıxılmaz vəziyyət yaranıb: vəziyyəti əvvəlki kimi saxlamaq mümkün deyil, hərəkət etməyə isə imkan yoxdur. Çünki ictimai rəy Qarabağla bağlı hər hansı ərazi güzəştinə olduqca aqressiv şəkildə qarşıdır. Belə şəraitdə Ermənistan üçün vəziyyətin dərin daxili siyasi böhran mərhələsinə keçirilməsi yolu ilə müvəqqəti fasilə götürməsi məntiqi görünür. Bu mərhələdə Ermənistanın zəifliyi şəxsən Sarqsyanın zəifliyi və səhvləri kimi qələmə veriləcək, müəyyən kadr dəyişikliyi həyata keçiriləcək. Odur ki, bu gün Əliyevlə görüşmək yalnız Ermənistan yox, şəxsən Sarqsyan üçün də əlverişsizdir", - deyə rusiyalı politoloq sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi