​Rusiya - dünya iqtisadiyyatında böhranın düyün nöqtəsi - ŞƏRH

​Rusiya - dünya iqtisadiyyatında böhranın düyün nöqtəsi - ŞƏRH Kremlin çıxış yolu Qərblə razılaşmadan keçir
Analitika
22 Yanvar , 2016 18:43
​Rusiya - dünya iqtisadiyyatında böhranın düyün nöqtəsi - ŞƏRH

Bakı. 22 yanvar. REPORT.AZ/ İrana qarşı sanksiya götürüldükdən sonra Yaxın Şərqdə yeni siyasi şəraitin yaranacağı istisna edilmir. Bura Suriyadakı rejimin başçısı Bəşşar Əsədin gələcək siyasi taleyinin sona çatması daxildir. Bu halda yeni taktiki müttəfiqliyin yaranacağı istisna edilmir.

Odur ki, Rusiya da yaranmış vəziyyətdən az itki ilə çıxmaq niyyətindədir.

İngiltərədə çıxan "Financial Times"ın yazdığına görə, Rusiya prezidenti Vladimir Putin Suriyadakı rejimin başçısı Bəşşar Əsədə istefa verməyi təklif edib. Bu məqsədlə o, bir müddət öncə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi İqor Serqunu Dəməşqə danışıqlar üçün göndəribmiş. Ancaq Bəşşar Əsəd Putinin təklifini rədd edib.

Xəbərin keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Aleksandr Litvinenkonun qətli ilə bağlı London məhkəməsinin qərarından sonra yayılması diqqətçəkicidir. Çünki məhkəmənin qərarında törədilmiş cinayətdə Rusiya prezidenti Vladimir Putinin adı birbaşa açıq şəkildə hallanır. Bu isə Kremlin indiki sahibinin beynəlxalq məhkəməyə cəlb edilməsi ehtimalını artırır. Bundan başqa, həmin qərara əsasən, Putinə qarşı sanksiyalar da tətbiq oluna bilər.

Ancaq Britaniyanın bu məsələylə bağlı Rusiyaya qarşı sərt tədbirlərə əl atmayacağı haqda da məlumat yayılıb. İngiltərə hökuməti Suriyada vəziyyətin tənzimlənməsi məsələsində Rusiya kimi vacib tərəfdaşı itirmək istəmədiyindən sərt addım atmayacaq.

Rusiya Suriyada əməliyyata başladığı gündən dinc sakinləri və Əsəd rejiminə müxalif olanları bombaladığı haqda xəbərlər yayılır. Türkiyə sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulması da Rusiyanın nüfuzuna mənfi təsir göstərib. Bu kimi faktlar Moskvanın Suriyada uğursuz hərbi əməliyyat keçirdiyinin göstəricisi sayıla bilər. Vəziyyətdən çıxış yolu isə Bəşşar Əsədin siyasi karyerasına son qoymaqdır.

Əslində, Rusiya və İranın dəstəyi olmasaydı, Əsəd rejimi çoxdan istefa vermişdi.

İrana qarşı sanksiyaların götürülməsi ilə Tehran Suriya və İraq məsələsinə görə öz haqqını alıb. İndi növbə Rusiyanındır. Moskvanın geri çəkilməsi üçün də artıq yetərincə təzyiq vasitələri mövcuddur. Çünki Rusiyada baş verənlər, Ukraynanın Moskva tərəfdən edilən basqılara tab gətirməsi Kremlin rəhbəri üçün təzyiq vasitəsi sayıla bilər.

Digər tərəfdən, Rusiyanın Suriyada uzunmüddətli hərbi əməliyyat keçirmək üçün maliyyə imkanları məhduddur.

Yeri gəlmişkən, ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, koalisiya qüvvələri Suriya və İraqda İŞİD-ə qarşı quru əməliyyatları keçirəcək.

Hadisələrin inkişafı sübut etdi ki, Rusiyanın dünyada maliyyə böhranını aradan qaldırmaq və neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq gücü yoxdur. O, başqa dövlətlərdən artıq təbii sərvətlərə və ərazisinin genişliyinə görə bu təzyiqlərə müəyyən müddət dözsə də, bunun uzun müddət davam etməyəcəyinə də şübhə yoxdur. Bunun ən bariz örnəyi keçmiş SSRİ-dir.

Yaranmış şəraitdə məlum olan odur ki, ilk növbədə Rusiya Əsədin istefasına nail olmalıdır. Onun bunu etməyə imkanı da var. Ötən il Putinin Dəməşqdəki rejimin başçısını Kremldə qəbul etməsi fikrimizi təsdiqləyən amillərdəndir.

Rusiya Əsədin getməsinə nail olarsa, o zaman Kremlin rəhbəri mükafatlandırıla da bilər. Ən azından Federasiyaya qarşı sanksiyalar zəifləyər, "böyüklər" sırasında ona da yer verilər.

Heç kimə sirr deyil ki 2008-ci ildəki maliyyə-iqtisadi böhranı Rusiyanın Gürcüstan ərazisinə qoşun yeritməsindən sonra başladı. Dünya iqtisadiyyatı özünə gəlməmiş, Kreml Krımı ilhaq etdi. Dünyanın iqtisadi problemləri artdı.

Rusiyanın Suriyaya müdaxiləsi isə böhranın üçüncü dalğasının yaranmasına səbəb olub. İndi bu vəziyyətdə yalnız üçüncü dünya ölkələri deyil, Rusiya da əziyyət çəkir.

İranın iddialı şəkildə neft bazarına gəlişi, Rusiyanın Yaxın Şərqdən geri çəkilmək istəməməsi vəziyyəti daha da ağırlaşdırıb.

Beləliklə, dünyada iqtisadi böhranın hər üç dalğasının Kremlin ucbatından yarandığı görünür. Odur ki, həmin labrintlə geri qayıdılsa, o zaman çıxış yolu tapılar. Başqa sözlə, böhranın yaranmasının düyün nöqtəsi Rusiyadır. Onun Qərblə razılaşması dünyanın üzləşdiyi maliyyə-iqtisadi çətinliyin aradan qalxmasına müsbət təsir göstərər. Əks halda, bu böhrandan ən çox ziyan Rusiyanın gələcəyinə dəyəcək.

Son xəbərlər

Orphus sistemi