Rəsmi məlumat: "Azərbaycanda qrip virusuna yoluxma halı aşkarlanmayıb"

Rəsmi məlumat: "Azərbaycanda qrip virusuna yoluxma halı aşkarlanmayıb" "Sırf soyuqdəymələr müşahidə olunur ki, bir çoxları bunu səhvən qrip sayır"
Analitika
6 Dekabr , 2014 14:15
Rəsmi məlumat: Azərbaycanda qrip virusuna yoluxma halı aşkarlanmayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycanda heç bir qrip virusu aşkar edilməyib. Sırf soyuqdəymələr müşahidə olunur ki, bir çoxları bunu səhvən qrip sayır. Həmin insanlar bilsinlər ki, bu, qrip deyil. Ona görə də hər soyuqdəyməni qrip adlandırmaq olmaz". Bunu "Report"a açıqlamasında Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip Laboratoriyasının müdiri Almaz Əsədova payız-qış mövsümü ilə əlaqədar ölkədə müşahidə olunan xəstəliklərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, laboratoriya qrip hallarının aşkar edilməsi üçün poliklinikalarla sıx əməkdaşlıq edir və bu günə qədər qrip virusuna yoluxma ilə bağlı heç bir müraciət daxil olmayıb.

Qriplə soyuqdəymənin ayırd etmənin yollarını sadalayan laboratoriya müdiri deyib ki, qrip tutan şəxsdə yüksək hərarət, burun axması, göz almacıqları və əzələ ağrısı, öskürək, bəlğəm və s. müşahidə olunur: "Bu kimi hallar aşkar edildikdə xəstənin burun-boğaz yaxmaları laboratoriyanın mütəxəssisləri tərəfindən yoxlanılır. Əgər virus aşkar edilərsə, xəstə barədə dərhal həkimə xəbərdarlıq edirik. Adi soyuqdəyməni isə ev şəraitində müalicə etməklə ən geci 5 günə sağaltmaq olar. Qripli insanın sağalma müddəti 10 günə qədər çəkir. Təbii ki, xəstə lazımi müalicəni vaxtında alarsa, bu müddət uzanmır".

A.Əsədova həmçinin qeyd edib ki, qripin A, B, C virusu növləri var: "Onlardan ən təhlükəli olanı A virusu qripidir. Bu virusa yoluxan xəstəni heç vaxt ev şəraitində müalicə etmək olmaz, çünki bu virus təhlükəlidir. Eyni zamanda bu qəbildən olan qrip növü epidemiya, pandemiya yaradır. Bu da qriplərin ən kəskinidir. A virusu qripi digər növlərdən fərqli olaraq, öz strukturunu tez-tez dəyişir, bir tipdən digərinə keçir. Amma B virusuna yoluxarkən qrip nisbətən sabit keçir. C isə ən yüngül qripdir və epidemiya yaratmır".

Bu ilin stabil keçdiyini deyən mütəxəssis vurğulayıb ki, yalnız 1-2 nəfərdə A viruslu qripin ən zəif növünə rast gəlinib: "Lakin bu il soyuqdəymələrin sayında artım müşahidə olunub. Hər bir insan qış mövsümündə havaların soyuq keçməsini nəzərə alaraq özü-özünün həkimi olmaldıır. İnsanların qripdən qorunması üçün əsas vacib şərt immunitetin qaldırılması və geyimlərin mövsümə uyğun geyinilməsidir. Eyni zamanda evdən çıxarkən burun nahiyəsinə "Oksolin" mazı sürtməli, başa papaq qoymalı və ayağı isti saxlamaq lazımdır".

Laboratoriya müdiri payız-qış mövsümü ilə əlaqədar insanlara qripdən qorunması üçün peyvənddən könüllü şəkildə istifadə etməyi də tövsiyə edib. O deyib ki, mövsümün əvvəlində edilən bir peyvənd insanları payız-qış dövründə qripdən qoruya bilər. Peyvənd vurduran insanlar mövsüm ərzində ya qripə yoluxmurlar, ya da yoluxalarsa, bu xəstəliyi çox yüngül keçirirlər.

O, həmçinin deyib ki, artıq peyvəndin vurulmasına başlanılıb və proses dekabrın sonuna kimi davam edəcək.

Hansısa xarici ölkədən Azərbaycana "quş qripi"nin gəlməsi hallarının aradan qaldırılması istiqamətində bütün hazırlıq işlərinin tam şəkildə həyata keçirildiyini deyən A.Əsədova əlavə edib ki, məsələyə nəzarət qrupları yaradılıb: "Hətta avtovağzal, hava limanı və bir sıra müxtəlif yerlərdə həkim briqadalarımız var. Bununla yanaşı, xəstəxanalarda xüsusi palatalar ayrılıb. Bir sözlə, yayılması ehtimal olunan hər hansı bir qripin qarşısını almaq üçün tam hazır vəziyyətdəyik". 

Son xəbərlər

Orphus sistemi