"Report": İqtisadi artıma nail olunması üçün pul kütləsi artırılmalıdır - TƏHLİL

"Report": İqtisadi artıma nail olunması üçün pul kütləsi artırılmalıdır - TƏHLİL Bu ilin ikinci yarısında Azərbaycanda nisbi iqtisadi canlanma gözlənilir
Analitika
19 May , 2016 10:17
Report: İqtisadi artıma nail olunması üçün pul kütləsi artırılmalıdır - TƏHLİL

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanda pul kütləsinin (M2 pul aqreqatı) artması ölkədə iqtisadi yavaşlamanın səngiməsinin göstəricisi ola bilər. "Report"un analitik qrupu qeyd edir ki, bu ilin fevral-mart aylarında M2 aqreqatı 941,3 mln. manat və ya 11,8% artıb. Lakin 2015-ci ilin analoji dövrü ilə müqayisədə pul kütləsinin həcmi 3 550,1 mln. manat və ya 28,4% azdır. 

Analitiklər əlavə edirlər ki, inflyasiya nəzərə alınmadan real pul kütləsinin fevral-mart aylarında artımı isə demək olar ki, baş verməyib: "Azərbaycanda aprelin 1-nə inflyasiya 10,8% olub. Bu da iqtisadi artımın sürətlənməsinə imkan vermir. Hazırda mövcud M2 aqreqatının artımı sadəcə iqtisadi yavaşlamanın qarşısını alır". 

"İqtisadi artıma nail olunması üçün əsas kapitala investisiyaların artması, yəni, pul kütləsinin ən azı 15% artması vacibdir. Əgər pul kütləsində zəruri olan artım tempi əldə olunmasa, iqtisadi resessiyadan çıxmaq mümkün olmayacaq", - deyə ekspertlər vurğulayıb. 

Lakin analitiklər qeyd edirlər ki, pul kütləsinin hazırkı artımı başqa problemlərə səbəb ola bilər: "Pul kütləsi artımının sürətləndirilməsi yeni maliyyə böhranı yarada və ya neft qiymətlərinin düşməsi nəticəsində xarici valyutaya tələbatı kəskinləşdirə bilər ki, bu da öz növbəsində valyuta ehtiyatlarının əriməsinə gətirib çıxara bilər. Məhz bu səbəbdən Azərbaycan Mərkəzi Bankı M2 aqreqatının artırılmasına təmkinlə yanaşır. Vəziyyətdən çıxış yolu kimi ölkəyə valyuta axınının artırılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və s. amillər vacibdir. Neft gəlirlərinin iqtisadiyyata təsirinin azaldılması öz növbəsində pul kütləsinin artmasına və iqtisadi canlanmanın sürətlənməsinə gətirib çıxaracaq". 

Qeyd edək ki, Azərbaycanda iqtisadi yavaşlama yanvar-mart aylarında keçən ilin analoji dövrü ilə müqayisədə 3,5% təşkil edib. "Report"un analitik qrupu II rübdə ÜDM-də durğunluğun baş verəcəyini, qlobal iqtisadi konyunkturanın normallaşması və neft qiymətlərinin hazırkı səviyyədə qalması halında ilin ikinci yarısında cüzi də olsa iqtisadi artıma nail olunacağını proqnozlaşdırır: "Lakin 2016-cı ilin yekununda Azərbaycanda 2,5%-ə yaxın iqtisadi geriləmənin olacağı ehtimal edilir".

Son xəbərlər

Orphus sistemi