"Report": FES-in qərarları bütün ölkələrin mərkəzi banklarına təsir edir

"Report": FES-in qərarları bütün ölkələrin mərkəzi banklarına təsir edir Proqnoz: FES apreldə uçot dərəcəsini artırarsa, dollar bahalaşacaq, neft və qızıl ucuzlaşaq, manata təzyiq artacaq
Analitika
28 Mart , 2016 16:45
Report: FES-in qərarları bütün ölkələrin mərkəzi banklarına təsir edir

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) "ABŞ dollarının manata nəzərən məzənnəsinin Federal Ehtiyat Sisteminin (FES) hansı qərar qəbul etməsindən yox, valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır" kimi açıqlamasının heç bir iqtisadi əsası yoxdur. 

"Report"un analitik qrupu qeyd edir ki, məhz 2014-cü ildə FES-in ABŞ-da uçot dərəcəsini artırmağa başlaya biləcəyi barədə səsləndirdiyi fikirlər dolların möhkəmlənməsinə və bütün dünya valyutalarının ucuzlaşmasına səbəb olub: "Belə ki, USD/EUR cütlüyünün məzənnəsi 2014-cü ilin may ayında 1,40 səviyyəsindən 2015-ci ilin mart ayınadək 25% azalaraq 1,0456 dollar səviyyəsinə enib. Dolların möhkəmlənməsi Azərbaycan manatına da təsirsiz ötüşməyib və 2015-ci il fevralın 21-də AMB manatı dollarla müqayisədə 34% devalvasiya etməyə məcbur olub".

Analitiklərin fikrincə, dolların möhkəmlənməsi öz növbəsində digər aktivlərin ucuzlaşmasına səbəb olub. Məhz dolların möhkəmlənməyə başlamasından bir ay sonra, 2014-cü ilin iyun ayından etibarən neftin qiyməti də enməyə başlayıb və 2015-ci ilin dekabr ayında 36 dollar/barelə düşüb. Məhz bu səbəbdən AMB yenidən devalvasiyaya getmək məcburiyyətində qalıb və manatı dollarla müqayisədə daha 48% ucuzlaşdırıb. Hər iki qərar FES-in uçot dərəcəsini artırmaq niyyətində olması barədə açıqlamaları nəticəsində baş verib. 

"Çünki uçot dərəcəsinin artırılması ABŞ dollarına olan tələbin yüksəlməsi, bu da öz növbəsində digər aktivlərin ucuzlaşmasına səbəb olur. Son 15 ildə zəifləyən dollar öz cazibəliyini itirib və investorlar vəsaitlərini alternativ aktivlərə yönəldib. İndi isə durum tam əksinə dəyişib. İnvestorlar vəsaitlərini maliyyə böhranının da əlavə təsiri ilə riski az, gəliri isə artmağa başlayan ABŞ dövlət istiqrazlarına yönəltməyə başlayıb. İnvestorların digər aktivləri sataraq dollar istiqrazlarına yönəlməsi qlobal iqtisadi böhranı bir az da dərinləşdirib", - deyə Agentliyin ekspertləri qeyd edib.

Xatırladaq ki, AMB-dən verilən rəsmi məlumata əsasən, xarici valyutaya olan tələb əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmindən asılıdır: "Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir. Bundan başqa, ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir". 

"Report"un analitik qrupu hesab edir ki, məhz tədiyyə balansının vəziyyəti dolların qlobal bazarda məzənnəsindən asılıdır, məzənnənin də öz növbəsində neftin qiymətinə təsiri var. Hər iki amil isə FES-in verəcəyi qərara bağlıdır.

"Report"un analitik qrupu hesab edir ki, FES növbəti, aprel iclasında uçot dərəcəsini artıra bilər və ABŞ-da iqtisadi göstəricilər açıqlandıqca bu ehtimal daha da artır: "Aprel iclasına qədər qlobal bazarların sabit qalacağı proqnozlaşdırılır. Çünki FES qlobal maliyyə bazarlarının sabit qalması halında uçot dərəcəsini artıra biləcəyini bəyan edib. İclasda faizlərin artırılması qərara alınarsa, dolların bir qədər də möhkəmlənəcəyi, digər aktivlərin, neftin və xüsusilə qızılın ucuzlaşacağı ehtimal edilir. Bu da manat üzərində təzyiqin yenidən artmasına səbəb olacaq".

Son xəbərlər

Orphus sistemi