"Report": Azərbaycan bank sisteminin mərkəzi problemi - TƏHLİL

"Report": Azərbaycan bank sisteminin mərkəzi problemi - TƏHLİL Azərbaycan Mərkəzi Bankı tərəfindən istehlak kreditləşməsinin məhdudlaşdırılması iqtisadiyyata mənfi təsir göstərir
Analitika
30 Oktyabr , 2014 11:22
Report: Azərbaycan bank sisteminin mərkəzi problemi - TƏHLİL

Bakı. 30 oktyabr. Report.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sistemində problemli kreditlərin əsasən istehlak kreditləşməsi sahəsində olmasını vurğulamaqla eyni zamanda bildirir ki, banklarda yaradılan ehtiyatlar və girov təminatları sayəsində bu, banklar üçün ciddi problem yaratmır. "Report"un xəbər verdiyi kimi, bu bəyanatla AMB-nin sədri Elman Rüstəmov çıxış edib. "Report"un analitik qrupu  hesab edir ki, bu bəyanatla razılaşmamaq üçün nə rəqəmli əsaslar, nə də iqtisadi qanunlara uyğunsuzluq var. Lakin istehlak kreditləşməsindəki problemli kreditlər problem olmasa da, istehlak kreditləri öz-özlüyündə müəyyən mənada iqtisadiyyat üçün problemdir.

Son statistik göstəricilərə əsasən, Azərbaycan bank sistemi üzrə məcmu kredit portfelində (17,3 mlrd. manat) istehlak kreditlərin payına 7,1 mlrd. manat və ya 41% düşür. Qeyd edək ki, istehlak kreditləşməsi məcmu kredit qoyuluşlarının strukturunda payına görə birinci yerdədir. Yəni, Azərbaycan bank sistemini tam əsaslı olaraq istehlak kreditləşməsi sektoru kimi adlandırmaq olar, halbuki bank sistemi və ümumilikdə maliyyə sektorunun əsas vəzifələrindən biri maliyyə bazarında tələblə təklif arasındakı tarazlığı yaradaraq iqtisadiyyatı maliyyə vəsaiti ilə təmin etməkdir. Hələlik Azərbaycan bank sistemi əsasən əhalinin istehlak tələbatını maliyyələşdirir. Aydındır ki, bu, dolayı yolla iqtisadiyyata dəstək verir və stimul yaradır - təmin edilmiş istehlak tələbatı ticarəti, idxal fəallığını, müəyyən mallar üzrə yerli istehsalı kimi sahələrə birmənalı olaraq müsbət təsir edir. Xatırladaq ki, məsələn, ABŞ-da maliyyə və iqtisadi böhran zamanı böhrandan çıxış yollarından biri kimi təmin edilmiş istehlak tələbatının artırılması və bununla istehlak bazarında alıcılıq qabiliyyətinin artırılması müəyyən edilib və bu istiqamətdə işlər aparılıb. Lakin bizim halda istehlak kreditləşməsi banklar üçün artıq əsas fəaliyyət növünə və əsas mənfəət mənbəyinə çevrilib. Belə ki, ən böyük faiz marjaları və nəticədə ən yüksək gəlir məhz istehlak kreditləri sahəsindədir ki, nəticədə bəzi banklar tədricən korporativ kreditləşməni artıq maraqlı istiqamət kimi qəbul etmir. Digər tərəfdən, istehlak kreditləşməsinin illik artım tempi (25%) əhalinin nominal gəlirləri üzrə artım tempini (5,4%) dəfələrlə üstələyir. Nəticədə, əhalinin kreditlər üzrə borc yükü getdikcə artır. Aydındır ki, yaranmış vəziyyətdə, xüsusən də həm banklar, həm də əhali üçün bu sahədə yaradılmış nisbətən sadə maliyyələşdirmə mexanizmi və bu səbəbdən sahənin ifrat dərəcədə şişməsi, inzibati addımların atılmasına zərurət yaradıb. Xatırladaq ki, bununla əlaqədar, Mərkəzi Bank bir müddət əvvəl həm kreditləşmədə şərtləri sərtləşdirib, həm də bəzi sahələrdə istehlak kreditləşməsini tam və ya qismən qadağan edib.

Lakin burada fərqli yanaşma daha faydalı olardı. İlk öncə qeyd edək ki, bu ilin əvvəlindən (yəni, sözügedən qadağaların işə düşməsindən sonra) bank sistemi üzrə ümumi kredit portfelinin artımı (8 ay üzrə) 1,886 mlrd. manat olduğu halda, istehlak kreditləşməsinin artımı 888 mln. manat təşkil edib. Beləliklə, artımın təxminən yarısı istehlak kreditləşməsi hesabına yaranıb. Bu göstərici bir daha sübut edir ki, digər kreditləşmə istiqamətləri olduqca zəifdir. Bu da öz növbəsində digər istiqamətlərin, o cümlədən, real sektorun kreditləşməsinin banklar üçün getdikcə maraqsız olduğunu göstərir. Bunun səbəblərindən biri kimi onu da qeyd etmək olar ki, hazırda korporativ kreditləşmə sahəsində keyfiyyətli borcalanların sayı olduqca azdır. Bu isə son olaraq makroiqtisadi problemləri üzə çıxarır. Yəni, real sektorda, hətta ticarət və xidmət sahələrində rentabellik səviyyəsi aşağıdır və işgüzar mühit o dərəcədə əlverişli deyil ki, burada fəaliyyət göstərən sahibkarlar banklar tərəfindən keyfiyyətli və yüksək qaytarma qabiliyyətinə malik olan borcalanlar kimi qiymətləndirilsin. Təbii olaraq, bankların likvidliyi müxtəlif yollarla pərakəndə kreditləşmə sahəsinə yönəldilir. Bankların iş quruluşu ilə tanış olanlar təsdiq edər ki, bank üçün sağlam və girovlu orta və ya iri biznes kreditinin verilməsi çox sayda xırda istehlak kreditlərinin verilməsindən daha rahatdır, o cümlədən, əməliyyat xərcləri baxımından. Məlumdur ki, istehlak kreditlərinə müasir standartlar əsasında nəzarət etmək üçün banklar müxtəlif bahalı nəzarət sistemləri istifadə edir, çoxlu işçi qüvvəsi cəlb edir ki, bütün bunlar əməliyyat xərclərini artırır. Nəticədə, müəyyən mənada demək olar ki, banklar istehlak kreditləşməsini genişləndirmək məcburiyyətində qalır.

Belə olan halda hökumətin, Mərkəzi Bankın, digər aidiyyəti qurumların qarşısında işgüzar mühitin yaxşılaşdırılması, biznes sahəsində rentabelliyin artırılması üçün stimullaşdırıcı addımların atılması kimi vəzifələr durur. Hazırda isə əsasən məhdudlaşdırıcı addımlar atılır ki, bu da banklar və əhalini çətin vəziyyətə salır. Unutmaq olmaz ki, təmin edilmiş istehlak tələbatının maliyyəşməsi iqtisadiyyatın və maliyyə sektorunun inkişafının vacib tərkib hissəsidir. İşgüzar mühitin yaxşılaşdırılması əvəzində isə bu tərkib hissənin süni şəkildə daraldılması müsbət effekt verə bilməz. 

Son xəbərlər

Orphus sistemi