"Report": ​AMB hərracda satışa çıxardığı valyutanın məbləğini açıqlamamalıdır

"Report": ​AMB hərracda satışa çıxardığı valyutanın məbləğini açıqlamamalıdır Bu, bazarda valyutanın real məzənnəsinin müəyyənləşdirilməsinə yardım edəcək
Analitika
28 Mart , 2016 10:36
Report: ​AMB hərracda satışa çıxardığı valyutanın məbləğini açıqlamamalıdır

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən valyuta hərraclarında alıcılar arasında ajiotaj müntəzəm olaraq müşahidə olunur. Sonuncu dəfə analoji vəziyyət martın 4-11-də yaranıb. Lakin AMB rəsmi olaraq ajiotajın aradan qalxdığını bəyan edir: "Cari ilin ötən dövrü üzrə valyuta bazarında baş verən proseslərin təhlili bir daha ajiotajın aradan qalxdığını və iqtisadi subyektlərin yeni rejimə tədricən uyğunlaşdığını göstərir".

"Report"un analitik qrupu hesab edir ki, AMB valyuta hərracına çıxarılan məbləği azaltdığı təqdirdə bazarda yenidən ajiotaj yaranır. Məhz AMB-nin martın ilk dekadasının sonunda hərraca 150 mln. dollar həcmində vəsait çıxarması nəticəsində ajiotaj səngiyib. 

"Ümumiyyətlə, hərraca çıxarılan məbləğin əvvəlcədən açıqlanmaması kommersiya banklarının real tələbini göstərəcək. Bu zaman real məzənnəni də müəyyənləşdirmək çətin olmayacaq. Hazırda AMB-nin yenidən hərraca çıxarılan məbləği azaldacağı və məzənnənin sabitləşəcəyi tarix mübahisə mövzusudur. AMB heç bir iqtisadi əsaslara söykənmədən istədiyi vaxt hərracın məbləğini artırıb-azaldaraq dolların məzənnəsi ilə oynamaq imkanı əldə edib. Bu da insanların qeyri-sabit məzənnə şəraiti ilə üz-üzə qalmasına səbəb olub. Dünya bazarında neftin qiyməti yüksəldiyi zaman manatın zəifləməsi, neftin ucuzlaşdığı zaman isə manatın möhkəmlənməsi əhalidə anlaşılmaz vəziyyət yaradır", - deyə analitiklər qeyd ediblər.

Xatırladaq ki, ilin əvvəlindən keçirilən 30 valyuta hərracından 18-də təklif tələbi üstələyib. Təbii ki, məbləğ bazar ortalamasından çox olarsa, təklif tələbdən artıq olacaq.

"AMB-nin bütün cəhdlərinə baxmayaraq, manata inam yaranmır. Çünki Mərkəzi Bank heç bir əsaslara söykənməyən valyuta siyasəti aparır və öz siyasəti barədə heç bir açıqlama vermir. AMB-nin manat ekvivalentində əmanətlərin qorunması üzrə məbləğin məhdudiyyətsiz, faizin isə maksimal həddə çatdırmasına baxmayaraq, milli valyutaya olan inam bərpa olunmayıb. Faiz dəhlizinin parametrlərinə yenidən baxılması isə Azərbaycan reallıqlarında heç bir nəticə verməyəcək. Çünki son 10 ildə uçot dərəcəsi 3%-ə yaxın olsa da, kommersiya bankları kreditləri 24-40%-lə verib və 10 dəfədən çox qazanc əldə ediblər. AMB isə bu vəziyyətə nəzarət etməyib", - deyə "Report"un analitikləri bildiriblər.

Son xəbərlər

Orphus sistemi