Qarın müsbət və mənfi təsiri - RƏY

Qarın müsbət və mənfi təsiri - RƏY Hazırda Respublika ərazisində və paytaxtda atmosfer təzyiqi normadan bir qədər yüksəkdir
Analitika
9 Yanvar , 2015 14:16
Qarın müsbət və mənfi təsiri - RƏY

Bakı. 9 yanvar. REPORT.AZ/ Hazırda Respublika ərazisində və paytaxtda atmosfer təzyiqi normadan bir qədər yüksəkdir.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.

M.Həsənov qeyd edib ki, yanvar ayında, xüsusilə isti havadan sonra qarın müşahidə edilməsi bir sıra səbəblərə görə Azərbaycan əhalisinə və təsərrüfatına xeyirdir: "Uzun müddət havanın isti olması havada bir sıra mikrobların yaranmasına səbəb olub və qarın yağması, temperaturun aşağı düşməsi, şaxtaların müşahidə edilməsi həmin bakteriyaların həm artmasının qarşısını alır, həm də çox hissəsini məhv edir. Bu tibbi nöqteyi nəzərdən müsbət haldır".

O qeyd edib ki, ümumiyyətlə yanvar-fevral ayında Azərbaycanda qarın yağması kənd təsərrüfatı baxımından çox əhəmiyyətlidir: "Çünki bizdə su ehtiyatları həmişə əsas çatışmayan problemlərdəndir. Qarın yağması su ehtiyatlarının xeyli artmasına və gələcəkdə məhsuldarlığın bir qədər yüksək olmasına səbəb ola bilər və bu il məhz belə nəticə gözlənir. Qarın yağmasının bu gün üçün mənfi nəticəsi yoxdur, ancaq qar yağması gələcəkdə bir neçə dəfə də təkrar olunsa dağlarda qar ehtiyatının çox olmasına səbəb olacaq və vaxtında hidrotexniki qurğularda müəyyən tədbirlər görülməsə yaz aylarında çaylarda daşqınlarla nəticələnə bilər".

Mütəxəssis bildirib ki, son zamanlar Azərbaycanda qış bir qədər sərt keçsə də, lakin qarın çoxillik normadan artıq olması müşahidə olunmur: "Axırıncı dəfə 2010-cu ildə qar çoxillik normadan bir qədər artıq müşahidə olunub. Hazırda isə qarın yağması iqlimdə baş verən adi meteoroloji dəyişikliklərdir. Azərbaycan ərazisində daxil olan belə hava kütləsi uzun müddət respublika ərazisində qalmır. Adətən 2-3 gün davam edir. Sonra yerli hava kütləsinə transformasiya olur və qarın yağması dayanır. Əgər şimaldan hava kütlələri respublikamızın ərazisinə daxil olmasa belə kəskin hava şəraiti maksimum yanvar ayının 11-nə qədər müşahidə oluna bilər, sonra yerli hava kütləsinə çevriləcək".

Son xəbərlər

Orphus sistemi