Proqnoz: Dolların məzənnəsi dalğalı dəyişəcək

Proqnoz: Dolların məzənnəsi dalğalı dəyişəcək Neftin qiymətinin geriləməsi fonunda Azərbaycanda dolların məzənnəsi 1,80 AZN/USD-yə kimi yüksələ bilər
Analitika
15 Aprel , 2016 10:10
Proqnoz: Dolların məzənnəsi dalğalı dəyişəcək

Bakı. 15 aprel. REPORT.AZ/ Federal Ehtiyat Sisteminin (FES) 2016-cı ildə uçot dərəcəsini iki mərhələdə artırması ehtimalları ölkədə iqtisadi artım sürətinin zəifləməsi, aşağı inflyasiya həddi və qlobal qeyri-müəyyənlik fonunda azalıb. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, FES-in iyun ayında keçiriləcək iclasında uçot dərəcəsinin 25 bənd artırılaraq 0,50-0,75%-ə çatdırılması gözlənilirdi. Digər faiz artımı isə FES tərəfindən verilən açıqlamalara əsasən ilin sonuna planlaşdırılsa da, iqtisadçıların iki faiz artımına ümidləri azalır. 

"Reuters"in mart ayında iqtisadçılar arasında apardığı sorğuda iştirakçıların 15%-i bu il FES-in bir dəfə faiz artırmasını gözləsə də, hazırda bu göstərici 25%-dək yüksəlib. Agentliyin keçirdiyi digər bir sorğuda 81 iqtisadçıdan 54-ü iyunda FES-in uçot dərəcəsini artıracağını düşünür. Qeyd edək ki, bununla bağlı ehtimallar martdakı 60%-dən 55%-ə enib.

FES-in uçot dərəcəsini artırmasını dəstəkləyən və mane olan bir sıra amillər mövcuddur. Müsbət amillərdən biri ABŞ-ın əmək bazarı ilə bağlı olan göstəricilərdir. Belə ki, 2015-ci ilin 3 ayı istisna olmaqla ABŞ-da aylıq 200 mindən çox yeni iş yeri açılıb. 2016-cı ilin mart ayında bu göstərici 215 min nəfər olub. Dünən açıqlanan işsizlik müraciəti göstəricisi isə 1973-cü ildən etibarən ən minimal həddə enib.

Uçot dərəcəsinin artırılmasını əngəlləyən amillər sırasında isə inflyasiya və əmək haqlarının zəif artım tempi göstərilir. Belə ki, fevral inflyasiyası 1% olduğu halda, martda inflyasiya 0,9% təşkil edib.

FES-in önündə digər bir əngəl isə qlobal iqtisadiyyatın, xüsusilə Çin iqtisadiyyatının qeyri-müəyyən vəziyyətidir. Bu gün açıqlanan göstəricilərə əsasən, Çin iqtisadiyyatı ilk rübdə 6,7% artım göstərib. Bu da Çin hökumətinin 7%-lik hədəfindən aşağıdır.

Sorğuda iştirak edən respondentlər mart ayında olduğu kimi bu ay da ABŞ-da resessiya ehtimalını 15% kimi qiymətləndirib. Atlanta ştatının FES-in proqnozlarına görə, ABŞ iqtisadiyyatı ilk rübdə demək olar ki, artmayıb. "Reuters"in respondentləri isə daha optimist olub və 1,2% artım proqnozlaşdırsa da bu rəqəm bir neçə ay öncə ehtimal edilən 2% proqnozundan aşağıdır. İqtisadçılar isə 2016-cı il üçün ABŞ-da ÜDM-in artım proqnozlarını azaltmağa davam edirlər. Belə ki, mart ayında 2,1% iqtisadi artım ehtimal edildiyi halda, aprel sorğusunda proqnozlar 2%-ə düşüb.

Beynəlxalq Vlyuta Fondu (BVF) da öz növbəsində ABŞ iqtisadiyyatı üzrə 2016-cı il üçün ÜDM-in artımı proqnozunu 2,6%-dən 2,4%-ə endirib.

"Report"un analitik qrupu hesab edir ki, cari iqtisadi gözləntilərin maliyyə bazarlarına təsiri müxtəlif olacaq. Belə ki, ilin sonuna qədər ABŞ dollarının digər valyutalara qarşı məzənnəsi dalğalı şəkildə dəyişəcək. USD/EUR məzənnəsinin 1,05-1,15 diapazonunda hərəkət edəcəyi ehtimal olunur. Neft qiymətləri isə qlobal iqtisadi yavaşlama fonunda azalan tələbin təsiri ilə düşməyə davam edəcək. Neft qiymətlərinin 25-50 dollar/barel diapazonunda qalması proqnozlaşdırılır. Qızılın qiymətində isə ciddi dəyişiklik gözlənilmir. Bu qiymətli metala olan tələbat azalsa da, qlobal iqtisadi risklər qızılın qiymətini 1 200 dollar/unsiya səviyyəsində saxlayacaq.

Bununla yanaşı, Azərbaycanda dolların məzənnəsinin 1,50 AZN/USD səviyyəsindən aşağı enəcəyi gözlənilmir. Neft qiymətlərinin qısa müddətdə 50 dollar/barelə çıxmasına baxmayaraq, daha sonra geriləməsi fonunda AZN/USD nisbəti də müvəqqəti olaraq 1,45 səviyyəsinə ensə də, daha sonra yenidən ilin əvvəlində olduğu kimi nağd valyuta bazarında 1,80 manata kimi yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi