Oktyabr ayı dünya maliyyə bazarları üçün gərgin keçəcək - ANALİTİKA

Oktyabr ayı dünya maliyyə bazarları üçün gərgin keçəcək - ANALİTİKA Donald Trampın ABŞ prezidenti seçilməsi bazara mənfi təsir edə bilər
Analitika
28 Sentyabr , 2016 13:16
Oktyabr ayı dünya maliyyə bazarları üçün gərgin keçəcək - ANALİTİKA

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayının qlobal maliyyə bazarları üçün gərgin keçəcəyi gözlənilir.

"Report"un analitik qrupu bunu bir neçə amillə izah edir. 

İlk növbədə bu gün Əlcəzairdə OPEC-in sammiti keçirilir. Təşkilata üzv ölkələrin açıqlamalarından belə görünür ki, hasilatın dondurulması barədə razılıq əldə olunmayacaq. Bu isə dünya bazarında neftin kəskin ucuzlaşmasına səbəb ola bilər. 

Digər tərəfdən isə Almaniyanın "Deutsche Bank"ında yaranan problemlər və bankın iflas həddinə yaxınlaşması barədə deyilənlər dünya fond birjalarına mənfi təsir edir. Avropanın bu nəhəng maliyyə təşkilatının üzləşdiyi çətinliklər avronun zəifləməsinə, ABŞ dollarının güclənməsinə gətirib çıxarıb. 

Xatırladaq ki, ABŞ-ın ədliyyə komissiyası "Deutsche Bank"ı qiymətli kağızlarla ticarət haqqında qanuna zidd hərəkətlərinə görə 14 mlrd. dollar kompensasiya ödəməyə məcbur edib. Bankın mövcud maliyyə vəziyyəti isə həmin məbləği ödəməyə imkan vermir. "Deutsche Bank"ın 2015-ci maliyyə ilini 6,793 mlrd. dollar zərərlə başa vurduğu bildirilir. Avrozonada mənfi faiz siyasətinin hökm sürdüyünü nəzərə alsaq, Bankın 2016-cı maliyyə ilini də böyük zərərlə başa vuracağını proqnozlaşdırmaq olar. Hazırda "Deutsche Bank"ın 1,8 trln. dollar dəyərində aktivi var ki, bunların da bir qismi Yunanıstanın toksik aktivləri və gəlir gətirməyən istiqrazlardır. 

Bundan başqa, noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkiləri də maliyyə bazarlarını gərgin vəziyyətdə saxlayır. Belə ki, prezidentliyə namizəd Donald Tramp qalib gəlsə, ABŞ-ın iqtisadi və maliyyə siyasətində ciddi dəyişikliklər olacaq. Belə ki, D.Tramp Federal Ehtiyat Sisteminin(FES) faizləri aşağı səviyyədə saxlamasından olduqca narahatdır və hər çıxışında FES rəhbəri Janet Yelleni yürütdüyü monetar siyasətə görə tənqid edir.

Eyni zamanda D.Tramp ABŞ-ın idxal etdiyi malllara gömrük rüsumu tariflərini artırmaq planlarını açıqlayıb. O, ilk olaraq Çin mallarına gömrük rüsumu tariflərini 45% artıracağını bildirib ki, bu da D.Tramp seçildiyi təqdirdə Çin iqtisadiyyatına və bu ölkənin maliyyə bazarlarına ciddi təhlükə yarada bilər. Odur ki, D.Trampın seçilməsi qlobal maliyyə bazarları üçün ən ciddi mənfi xəbər olacaq.

Məhz bu səbəbdən oktyabr ayının qlobal maliyyə bazarları üçün gərgin keçəcəyi, seçkilərə yaxınlaşdıqca investorların əsasən riskli aktivlərdə mövqelərini azaldacağı ehtimal edilir. İnvestorların ən çox inkişaf etməkdə olan ölkələrdə investisiyalarını geri çəkəcəkləri proqnozlaşdırılır. Bu ölkələr sırasında Çin, Braziliya, Cənubi Afrika, Türkiyə, Rusiya kimi ölkələr yer alacaq. 

Həmçinin Çin yuanının devalvasiyası fonunda dünyanın bir çox valyuta növlərinin dollarla müqayisədə zəifləməsi ehtimal edilir. Bu baxımdan da neftin kəskin ucuzlaşacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi