​Dünya bazarında neftin ucuzlaşması Azərbaycan Mərkəzi Bankının vəzifələrini artırır - RƏY

​Dünya bazarında neftin ucuzlaşması Azərbaycan Mərkəzi Bankının vəzifələrini artırır - RƏY "Manatın dəyəri olduğu kimi saxlanılarsa, daxili bazara xarici məhsulların idxal təzyiqi güclənəcək ki, bu da yerli istehsala neqativ təsir edəcək"
Analitika
9 Fevral , 2015 13:44
​Dünya bazarında neftin ucuzlaşması Azərbaycan Mərkəzi Bankının vəzifələrini artırır - RƏY

Bakı. 9 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan Mərkəzi Bankının fəaliyyətinə də təsirsiz ötüşməyib. İqtisadçı-ekspert Pərviz Heydərov "Report" üçün mövcud durumu şərh edib.

Dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanda iqtisadiyyatı idarəetmə orqanları, xüsusən də Azərbaycan Mərkəzi Bankı (AMB) önündə ciddi öhdəliklər yaranıb. Mərkəzi Bank qarşısında həm makroiqtisadi sabitliyi qoruyub saxlamaq qayğısı artıb, həm də qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə pul-kredit siyasətində yumşaltma siyasətini həyata keçirmək zərurəti yaranıb.

AMB-nin son açıqlamasına əsasən, 2015-ci ildə ölkədə makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün aktiv dəstək tələb olunur. Belə ki, makroiqtisadi sabitliyi qorumaq bütövlükdə iqtisadi inkişafı davam etdirmək və əhalinin sosial müdafiəsini təmin etmək baxımından əsas amil sayılır. Eyni zamanda, bununla bağlı adı çəkilən qurum tərəfindən iqtisadi inkişafa dəstək vermək məqsədilə pul siyasətinin imkanlarından, monetar yumşaldılmadan istifadə olunacağı bildirilir. Hər iki vəzifəni eyni vaxtda icra etmək isə bir qədər mürəkkəbdir. Belə ki, monetar yumşaltma dövriyyəyə mümkün qədər artıq pul buraxmağı tələb etsə də, makroiqtisadi sabitliyi qorumaq manatın dəyərini saxlamağı ehtiva edir.

Manatın məzənnəsi son illər ərzində sabit saxlanılır. Bu vəziyyət, əcnəbi və yerli ekspertlər tərəfindən müxtəlif vaxtlarda tənqid olunub. Çünki bu, qeyri-neft sektorunda artımı və ümumiyyətlə ixracı məhdudlaşdırmaqla iqtisadiyyatda birtərəfli inkişafa zəmin yaradır. Bununla belə, Azərbaycanda uzun illərdir mövcud makroiqtisadi sabitliyin əsasını bu amilin təşkil ediyi sirr deyil. Başqa sözlə, ölkədəki mövcud makroiqtisadi sabitlik göstəricilərindən birini məhz milli valyutanın alıcılıq qabiliyyətinin sabit saxlanılması təşkil edir və bu istiqamətdə AMB-nin rolu danılmazdır.

Beynəlxalq institutlar hökuməti bir neçə dəfə üzən məzənnə siyasətinə keçməyə dəvət etsə də, AMB buna getməyib. Çünki manatın məzənnəsinin sərbəst buraxılması xarici təsirlərin iqtisadiyyata təsirini sürətləndirə bilər. Lakin hazırda vəziyyət dəyişib. Həmçinin, monetar yumşaltmaya getmək zərurəti yaranıb ki, qeyri-neft sektoru əlavə dəstək tələb olunur. Bununla yanaşı, əhalinin sosial müdafiəsi də yaddan çıxarılmamalıdır. Digər tərəfdən, manatın sabitliyi məsələsi də AMB-yə ucuz başa gəlmir. Belə ki, təkcə bu ilin yanvarında AMB-nin valyuta ehtiyatları 1 mlrd.-dan çox azalaraq 12,681 mlrd. ABŞ dolları səviyyəsinə enib. Analoji azalma dekabrda da müşahidə olunub.

Hökumət orqanları bu sahədə sıx əlaqəli fəaliyyət göstərməlidir. Düzdür, manata təzyiqlər artdığı üçün məzənnə siyasətində yumşaldılmaya getmək zəruridir. Bu, AMB-nin valyuta ehtiyatlarını qoruyub saxlamaq baxımından da vacibdir. Lakin manatın məzənnəsinin zəifləməsi əhalinin real pul gəlirləri və əmək haqqı ilə pensiyaların alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxararsa, əlavə tədbirlər görmək və sosial istiqamətdə addımlar atmaq lazım gələcək. Başqa sözlə desək, dövlət büdcəsindən maliyyələşmənin artırılmasına getmək zərurəti yaranacaq. Manatın dəyəri olduğu kimi saxlanılarsa, daxili bazara xarici məhsulların idxal təzyiqi güclənəcək ki, bu da yerli istehsala neqativ təsir edəcək.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev Azərbaycanda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da bu məsələyə toxunub. Prezident qeyd edib ki, bütün məsələlərə kompleks yanaşmaq lazımdır və bu, iqtisadiyyatın inkişafı və ixrac potensialı üçün müsbət hal deyil. Məsələ ondadır ki, iqtisadiyyatda qeyri-neft sektorunun əsaslı inkişafından söhbət gedərsə, uzunmüddətli siyasət tələb olunur və monetar yumşaltma bu mənada təkcə devalvasiyadan ibarət deyil, iqtisadiyyat daha geniş şəkildə kreditləşdirilməlidir. Yəni, real sektorun maliyyələşdirilməsi artırılmalıdır.

Bu mənada cari ilin dövlət büdcəsi haqqında qanunun tədbiqinə dair fərmanda AMB-yə kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görmək və görülən işlər barədə 6 aydan bir dövlət başçısına məlumat verilməsi tapşırılıb.

Digər tərəfdən, neftin ucuzlaşması iqtisadiyyatda istehsal, o cümlədən mədən sahəsində maliyyələşdirmə imkanlarını məhdudlaşdırır. Lakin bank sektoru hələ ki bundan əziyyət çəkmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, neftin qiyməti enməmişdən öncə də real sektor istənilən səviyyədə maliyyələşdirilmirdi. Odur ki, bu istiqamətdə bu il çox iş görülməlidir. Yəni, banklar tərəfindən real sektorun maliyyələşdirilməsinin genişlənməsi üçün zəruri tədbirlər planı həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi