Ekspert: "Türkiyə-Ermənistan münasibətləri daha sərt əks tədbirlər mərhələsinə qədəm qoyacaq" - ŞƏRH

Ekspert: "Türkiyə-Ermənistan münasibətləri daha sərt əks tədbirlər mərhələsinə qədəm qoyacaq" - ŞƏRH "Erməni soyqırımı"nın tanınması və erməni diasporunun tələblərinin yerinə yetirilməsi ABŞ və Avropa dövlətlərinin maraqlarına uyğun deyil
Analitika
11 Mart , 2015 15:25
Ekspert: Türkiyə-Ermənistan münasibətləri daha sərt əks tədbirlər mərhələsinə qədəm qoyacaq - ŞƏRH

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün erməni diasporu Qərbin Türkiyəyə qarşı siyasi oyununda əhəmiyyətsiz təsir vasitəsinə çevrilib. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı, tarixçi Rizvan Hüseynov Ermənistanın qondarma "soyqırımı"n 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlərin nəticələrini şərh edərkən bildirib. 

"Son 40 il ərzində qondarma "erməni soyqırımı" mövzusu qaldırıldıqdan sonra ermənilər 70-80-ci illərdə həm Türkiyə, həm də Avropa ölkələri və ABŞ-da türk diplomatları və vətəndaşlarına qarşı bir sıra terror aktları həyata keçiriblər. Bundan sonra erməni terrorizminə qarşı sərt repressiyalar başladı. Türkiyə Avropa ölkələri və ABŞ-dan əsasən Avropa ölkələri və ABŞ ərazisində, həmçinin onların Yaxın Şərqdə təsirləri altında olan ərazilərində yerləşən erməni bazalarını ləğv etməyi qəti şəkildə tələb etdi. Bundan sonra bu mövzuya maraq azaldı", - tarixçi qeyd edib. 

Erməni diasporunun "qondarma soyqırımı" mövzusunun aktuallaşdırılması məqsədlərindən danışan ekspert bildirib ki, diaspor bu yolla bir neçə məqsədə nail olmaq istəyir. 

"Birincisi, qondarma soyqırım qurbanlarına görə Türkiyədən kompensasiya almaq.

İkincisi, Türkiyəyə qarşı XX əsrin əvvəllərində guya Ermənistana verilməli olan ölkənin müəyyən regionlarına ərazi iddialarını irəli sürmək. 

Üçüncüsü, Türkiyə siyasi hakimiyyət orqanlarından soyqırımın tanınması və günahlarının etiraf edilməsinə nail olmaq", - institut əməkdaşı bildirib.

R.Hüseynov vurğulayıb ki, ermənilər yuxarıda qeyd olunan iddiaların heç birinə nail ola bilməyəcək, çünki dünyada Türkiyəni buna vadar edəcək belə bir qüvvə yoxdur. 

O, həmçinin qeyd edib ki, "erməni soyqırımı"nın tanınması və erməni diasporunun tələblərinin yerinə yetirilməsi ABŞ və Avropa dövlətlərinin maraqlarına uyğun deyil: "Onlar bundan Türkiyəyə qarşı vasitə kimi istifadə etməyə hazırdırlar, lakin bundan artığına nail ola bilməyəcəklər. Maksimum onu sanca bilərlər".

1915-ci ildəki hadisələrin 100-ci ildönümü kontekstində türk-erməni münasibətləri haqqında danışan ekspert deyib ki, Ermənistan və Türkiyənin yaxınlaşması və sərhədlərin açılması üzrə siyasi oyun bu məsələdə Qərbin təzyiqləri ilə qarşılaşan Türkiyəni qane etmirdi.

Onun sözlərinə görə, Rusiya NATO üzvü olan Türkiyə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü  Ermənistan arasında sərhədlərin açılmasına heç zaman yol verməyəcəkdi. 

"Düşünürəm ki, Türkiyə-Ermənistan münasibətləri daha sərt əks tədbirlər mərhələsinə qədəm qoyacaq. Birmənalı olaraq yaxınlaşmanı gözləməyə dəyməz", - R.Hüseynov bildirib. 

Son xəbərlər

Orphus sistemi