Ekspert: "Kreml "nə sülh, nə də müharibə" vəziyyətinin daimi olmasının qeyri-mümkünlüyünü anlayıb" - RƏY

Ekspert: "Kreml "nə sülh, nə də müharibə" vəziyyətinin daimi olmasının qeyri-mümkünlüyünü anlayıb" - RƏY Moskvanın münaqişənin "dondurulması" ilə bağlı ümidləri Azərbaycanın siyasi rəhbərliyinin mətanətli iradəsi sayəsində boşa çıxıb
Analitika
21 İyun , 2016 16:56
Ekspert: Kreml nə sülh, nə də müharibə vəziyyətinin daimi olmasının qeyri-mümkünlüyünü anlayıb - RƏY

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan ordusunun cəbhə xəttinə yaxın ərazidə apardığı irimiqyaslı hərbi təlimlər hər an hücuma çevrilə bilər.

Bu barədə "Report"a açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün yekunlarını şərh edərkən rusiyalı siyasi analitik Oleq Kuznetsov bildirib.

Politoloqun fikrincə, diplomatik protokollar baxımından Sankt-Peterburq görüşünün ciddi yekunları olmasa da, siyasi-psixoloji aspektdə müəyyən qənaətə gəlmək olar: "Azərbaycan bu görüşü aktivinə yaza bilər".

Onun sözlərinə görə, Moskva və Yerevan hazırda Azərbaycan ordusunun cəbhə xəttinə yaxın ərazidə həyata keçirdiyi və hər an hücuma çevrilə biləcək genişmiqyaslı təlimləri səssizcə qəbul edib.

"Hətta Bakıya qarşı iradlar var idisə, bütün bunlar danışıqlar zalının divarlarının kənarında qaldı. Bakı münaqişənin həllini hərbi yolla həll etməyə hazır olduğunu qətiyyətlə göstərdi, danışıqlarda güclü tərəf mövqeyindən çıxış etdi. Vyanada Azərbaycana şərtləri diqtə edirdilərsə, indi Sankt-Peterburqda Azərbaycan özü şərtləri diqtə edirdi. Nə Yerevan, nə də Moskva rəsmi Bakının belə demarşına qətiyyən hazır deyildi. Bakı açıq şəkildə güclü şimal qonşusuna "əlcək ataraq", daha "kötək yeyən uşaq" olmayacağını, təhdidə təhdid, zərbəyə zərbə ilə cavab verəcəyini qətiyyətlə göstərdi", - deyə analitik vurğulayıb.

O.Kuznetsov Bakının bu yolla yeni hərbi-siyasi reallıq yaratdığını, bundan sonra Moskvadan gələn işarələri və təhdidləri qəbul etməyəciyini nümayiş etdirdiyini bildirib.

"İkincisi, danışıqların moderatoru rolunu oynayan Kreml "nə sülh, nə də müharibə" vəziyyətinin daimi olmasının qeyri-mümkünlüyünü açıq-aydın anlayıb. Sankt-Peterburqda danışıqların nəticələrinin olmaması durumun Rusiya üçün pat vəziyyətində qaldığını aşkar şəkildə nümayiş etdirdi. Artıq diplomatiyadan münaqişənin öz-özünə həll olunana qədər sonsuz uzadılması aləti kimi istifadəsi mümükün deyil. Kreml yeni heç nə təklif etməyərək Dağlıq Qarabağ münaqişəsinin həllində tamailə təşəbbüssüz qalıb. Bu isə məğlubiyyətə bərabərdir", - deyə, o qeyd edib.

Onun sözlərinə görə, Moskvanın münaqişənin "dondurulması" ilə bağlı ümidləri Azərbaycanın siyasi rəhbərliyinin mətanətli iradəsi sayəsində boşa çıxıb.

Rusiyalı analitik bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç bir real perspektiv yoxdur və bu, hər hansı siyasi qüvvələrin, liderlərin vasitəçiliyilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin hər sonrakı görüşündən sonra daha aydın görünür.

"Söhbət yalnız ermənilərin işğal etdiyi torpaqları bu və ya digər formada - ya öz istəyi ilə, ya təzyiq altında, ya da müharibə nəticəsində azad etməsindən gedir. Azərbaycanın siyasi rəhbərliyi Sankt-Peterburqdakı görüşdən əvvəl və görüş zamanında genişmiqyaslı hərbi manevrlər həyata keçirməklə bu üç ssenarinin hər birinə hazır olduğunu aydın şəkildə hamıya göstərdi", - deyə politoloq fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi