Ekspert: "Fəaliyyət növlərinə lisenziyaların müddətsiz verilməsi sahibkarlığın inkişafı baxımından olduqca vacib idi"

Ekspert: "Fəaliyyət növlərinə lisenziyaların müddətsiz verilməsi sahibkarlığın inkişafı baxımından olduqca vacib idi" "Ölkəyə valyutanın daxil olması üçün qeyri-neft sektorunda çalışan sahibkarların dəstəklənməsinə ehtiyac var"
Analitika
22 Dekabr , 2015 14:54
Ekspert: Fəaliyyət növlərinə lisenziyaların müddətsiz verilməsi sahibkarlığın inkişafı baxımından olduqca vacib idi

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycanda fəaliyyət növlərinə lisenziyaların müddətsiz və onlar üçün nəzərdə tutulan rüsumların azaldılması sahibkarlığın inkişafı baxımından olduqca vacib idi".

Bunu "Report"a müsahibəsində iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramlı deyib.

O qeyd edib ki, qısamüddətli lisenziyalar verilən zaman sahibkarlar lisenziyanın alınması üçün yenidən müraciət etməyə məcbur olurdular: "Biz əvvəl də lisenziyaların müddətli deyil, müddətsiz və ya uzun müddətə verilməsinin tərəfdarı idik. Qısa müddətə lisenziyalar verilən zaman sahibkarlar lisenziya üçün yenidən müraciət etməyə məcbur olurdular. Bu da onlar üçün əlavə xərc idi, qeyri-rəsmi ödənişlər də tələb olunurdu, süründürməçilk halları baş verirdi. Ona görə də lisenziyaların müddətsiz verilməsi imkan yaradır ki, sahibkar bir dəfə müraciət etsin və lisenziyanı aldıqdan sonra, sahibkarlıq fəaliyyətini davam etdirdiyi müddətdə ondan istifadə etsin.

Eyni zamanda, lisenziyaların verilməsində rüsumların aşağı salınması da vacib idi. Çünki rüsumlar lisenziyanın alınmasında sahibkar üçün əlavə xərc yaradırdı. Rüsumların aşağı salınması sahibkarların vəsaitlərinə qənaət etməsinə imkan yaradacaq".

V.Bayramlı bildirib ki, Azərbaycan manatının "üzən valyuta rejimi"nə keçməsindən sonra sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması olduqca vacibdir. Lisenziyaların verilməsində əvvəllki dövrlərdə monopoliya formalaşdığını və onun aradan qaldırılmasına ehtiyac olduğunu deyən ekspert bildirib ki, yeni məzənnə siyasəti həm də iqtisadiyyatda monopoliyanın, sahibkarlığın inkişafına mane olan süni baryelərin aradan qaldırılması baxımından olduqca vacibdir: "Artıq ölkəyə valyutanın daxil olması üçün qeyri-neft sektorunda çalışan sahibkarların dəstəklənməsinə ehtiyac var. Onların dəstəklənməsi imkan verə bilər ki, ölkəyə daxil olan valyutanın həcminin artması mümkün olsun və bu da manata təzyiqin azaldılmasına gətirib çıxara bilsin. O baxımdan, bu addım müsbət qiymətləndirilməlidir və sahibkarlığın inkişafına dəstək kimi xarakterizə edilir".

Qeyd edək ki, dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmana əsasən, ölkədə fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği aşağı endirilib. Əksər rüsumların məbləği iki dəfə azaldılıb. Bir sıra fəaliyyət növlərinə görə isə lisenziya ləğv edilib. Bundan sonra lisenziyalar müddətsiz veriləcək. Bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

Son xəbərlər

Orphus sistemi