Dünya maliyyə bazarlarında mənfi tendensiyaların ARDNF investisiyalarına təsiri - ŞƏRH

Dünya maliyyə bazarlarında mənfi tendensiyaların ARDNF investisiyalarına təsiri - ŞƏRH ARDNF daha çevik hərəkət etməyə məcbur olacaq
Analitika
19 İyul , 2016 12:53
Dünya maliyyə bazarlarında mənfi tendensiyaların ARDNF investisiyalarına təsiri - ŞƏRH

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalardan əldə etdiyi gəlirləri yaxın 1 il ərzində azalmağa başlayacaq. "Report" analitik qrupu hesab edir ki, buna səbəb dünya maliyyə bazarlarında mənfi faiz tendensiyasının formalaşmasıdır. Belə ki, hazırda inkişaf etmiş ölkələrdən Yaponiya, İsveçrə, Hollandiya da daxil olmaqla 14 ölkə iyun ayının 1-nə olan tarixə mənfi faiz dərəcəsi tətbiq ediblər. Bu barədə məlumat "Fitch" beynəlxalq reytinq agentliyinə istinadən verilib.

"Report" xəbər verir ki, ARDNF-nin dünən, iyulun 18-də 2016-cı il yarım illik investisiya fəaliyyətinə dair açıqladığı hesabatına əsasən, Fondun aktivlərinin 34,6%-i qısa müddətli, yəni 12 aya qədər olan aktivlərdir. Bu da onu deməyə əsas verir ki, ən geci bir il ərzində ARDNF-nin 34,6% aktivlərinin investisiya müddəti bitəcək və bu vəsaiti yenidən investisiya etmək lazım gələcək. Nəzərə alsaq ki, yenidən bu vəsaitlər yüksək reytinqli istiqrazlara yatırılmalıdır, o zaman mənfi faiz dərəcəsi ilə və ya ən yaxşı halda sıfır faizlə kifayətlənmək lazım gələcək. Bu isə ARDNF-nin təxminən 10 mlrd. ABŞ dolları vəsaitinə şamil olacaq. Başqa sözlə, əgər bu vəsaitin keçən il orta hesabla 1%-lə yatırıldığını və 100 mln. ABŞ dolları gəlir gətirdiyini nəzərə alsaq, reinvestisiya nəticəsində bu gəlirdən məhrum olmaq ehtimalı yaranacaq.

Təbii ki, ARDNF-nin digər investisiya fondları kimi çıxış yolu var. Hazırda qlobal fondlar mənfi faiz dərəcəsi ilə də gəlir əldə edə bilirlər ki, bu texniki gəlir adlanır. Yəni, istiqrazlara yaranan tələb faizləri aşağı salmaqla bərabər onun qiymətini qaldırır və treyderlər bu vəziyyətdən istifadə edərək qazanc əldə edə bilirlər.

"Report" analitik qrupu hesab edir ki, yaxın illərdə aktivlərin gəlirliliyi baxımından çətin illər olacaq və ARDNF menecerləri daha çevik treyder qismində çıxış etməli olacaqlar. ARDNF-nin hesabatına görə, investisiya portfelinin 44,99%-i Avrozonada yerləşir. Yəqin ki, qısa müddət ərzində biz investisiya xəritəsində də dəyişiklik görəcəyik.                

Son xəbərlər

Orphus sistemi