Dünya bazarında qızılın qiyməti niyə ucuzlaşır? - TƏHLİL

Dünya bazarında qızılın qiyməti niyə ucuzlaşır? - TƏHLİL Qızılın unsiyası 1200-1400 diapazonunda hərəkət edəcək
Analitika
14 İyul , 2016 12:42
Dünya bazarında qızılın qiyməti niyə ucuzlaşır? - TƏHLİL

Bakı. 14 iyul. REPORT.AZ/ Qızılın qiyməti ucuzlaşmağa davam edir. "Report" analitik qrupu hesab edir ki, buna səbəb dünyanın bir sıra inkişaf etmiş ölkələrinin Mərkəzi Banklarının (MB) iqtisadi stimullaşdırma qərarı alacaqları ilə bağlı gözləntilərdir. 

İnvestorlar, MB-lərin iqtisadiyyatlara maliyyə dəstəyi verəcəkləri təqdirdə riskli aktivlərə marağın artacağını düşündüklərindən risksiz aktiv sayılan qızılı satmağa başlayıblar. Nəticədə, qızıl iyulun 6-da 1 375 dollar/unsiyaya qədər yüksəldikdən sonra azalmağa başlayıb. Hazırda qızıl bu səviyyədən 40 dollar və ya 3% aşağı, yəni 1 335 dollar/unsiyaya satılır. Xatırladaq ki, 1 375 dollar/unsiya səviyyəsi 2016-cı ildə qızılın maksimal, 1 063 dollar isə minimal qiymətidir.

"Report" RİA Novostiyə istinadən bildirir ki, investorların ən çox iqtisadi stimullaşdırma ehtimalı verdikləri MB-lər arasında İngiltərə və Yaponiya kimi inkişaf etmiş ölkələr yer alır. Belə ki, Yaponiya baş naziri ayın sonuna qədər ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün hökümətə tədbirlər paketi hazırlamağı tapşırıb. İngiltərədə isə "Brexit"in mənfi təsirlərini azaltmaq üçün "Bank of England"ın (BoE) həm iqtisadiyyata əlavə vəsait ayıracağı, həm də uçot dərəcələrini azaldacağı proqnozlaşdırılır. "Bloomberg" agentliyinin yaydığı məlumata görə "Australian Bullion Co." qızıl investisiya şirkətinin baş iqtisadçısı Cordan Elizeo (Jordan Elizeo) bildirib ki, "İngiltərə və Yaponiya MB-lərin stimullaşdırıcı qərarları qızılın hazırki, yəni 1 300 dollara yaxın səviyyələrdə formalaşacağına səbəb olacaq".

"Report" analitik qrupu hesab edir ki, qızılın unsiyasının qiyməti 2016-cı ilin sonuna qədər 1200-1400 diapazonunda hərəkət edəcək. Amma, 2017-ci ildən etibarən, Federal Ehtiyat Sisteminin(FES) uçot dərəcələrini artırmağa davam etməsi fonunda qızılın qiymətinin 1000 dollara qədər enəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi