Çin Azərbaycanın tranzit ölkə statusunu artıracaq - ŞƏRH

Çin Azərbaycanın tranzit ölkə statusunu artıracaq - ŞƏRH Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biri olacaq
Analitika
11 Dekabr , 2015 14:07
Çin Azərbaycanın tranzit ölkə statusunu artıracaq - ŞƏRH

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri başa çatdı. Bu gözlənilən səfər idi. Çünki Azərbaycan Prezidenti Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Bakıdakı son görüşündə nəqliyyat dəhlizlərindən danışarkən, bu layihələrin işlək olması üçün Azərbaycanın və Türkiyənin Çinlə əməkdaşlığını genişləndirməsi vacibliyinə toxunmuşdu.

İlham Əliyev Çinə səfərinə Şaansi vilayətindən başladı. Bunun xüsusi əhəmiyyəti var. Şaansi qədim İpək Yolu üzərində yerləşir və yük daşımalarında başlıca rollardan birini oynayır. Azərbaycan Prezidenti burada bir sıra müəssisədə oldu. Şaansi vilayətinin qubernatoru İlham Əliyevlə görüşdə Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu vurğuladı.

Azərbaycan Prezidenti daha sonra Pekinə gedərək Çinin dövlət rəhbərləri ilə görüşdü. Bu görüşlərdə Çinli rəsmilər qeyd etdilər ki, Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlıdırlar. Ayrıca, Çinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyi bildirildi.

Əlbəttə, rəsmi Bakı Çinin Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır. Ancaq İlham Əliyev Çindəki görüşlərdə əsas diqqəti yük daşımalarına yönəltdi. Çünki sərmayə mövzusu illərlə müzakirə oluna bilər, yük daşımalarla bağlı qərar isə qısa müddətdə verilməlidir. Bu Azərbaycanın iştirakı ilə başa çatmaqda olan iki regional layihə ilə əlaqəlidir.

Birinci layihə odur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tamamlanmaq üzrədir.

İkinci layihə Xəzərin Ələt sahilində bölgənin ən böyük limanlarından biri inşa olunub.

Hər iki layihənin məqsədi odur ki, Çinin malları Ələt limanı və Bakı-Tbilisi-Qars dəmiryolu ilə Avropa ölkələrinə daşınsın. “Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər” – bu fikri İlham Əliyev Pekində çinli rəsmilərin diqqətinə çatdırdı. Pekindəki danışıqların stenoqramından bu qənaətə gəlmək olar ki, çinli rəsmlilər hər iki layihəyə ciddi maraq göstərirlər.

Rəsmi Bakı Çinin adı çəkilən layihələrə marağını artırmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini genişləndirmək barədə düşünür. Görünür, yaxın gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biri olacaq. Bu imkan verəcək ki, rəsmi Bakı ilə Pekin arasındakı dialoq daimi xarakter daşısın.

Böyük və kiçik dövlətlərin mütləq əksəriyyəti Çinlə əməkdaşlığı genişləndirməyə çalışır. Çünki Çin həm böyük bazar, həm də investisiya imkanlarının cəlb edilməsi deməkdir. Eyni zamanda son aylar Çinin Azərbaycana marağı artıb. Demək, iki ölkə arasındakı iqtisadi əlaqələri dərinləşdirmək və bu əməkdaşlığı regional müstəviyə keçirmək üçün münbit zəmin var.

İlham Əliyev Çindəki görüşlərdə Dağlıq Qarabağ mövzusuna da toxundu. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çinin 

dünya silah ixracatında da payı az deyil. Ona görə də Azərbaycanın gələcəkdə Çindən silah alması mümkündür. Digər tərəfdən Azərbaycan Türkiyə ilə olduğu kimi Çinlə də ortaq silah istehsalına başlaya bilər. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi rəsmi Bakı üçün vacibdir. Çin ərazi bütövlüyü prinsipinə həssas yanaşır, çünki özünün də oxşar problemləri var. Ona görə də rəsmi Bakının bu amildən öz xeyrinə istifadə etməsi vacibdir.



Elxan Şahinoğlu, xüsusi olaraq "Report" üçün.

Son xəbərlər

Orphus sistemi