​Britaniyanın əsas sualı: getmək, ya qalmaq - ŞƏRH

​Britaniyanın əsas sualı: getmək, ya qalmaq - ŞƏRH Hamletin həmvətənləri bununla həm də Avropa İttifaqının gələcək taleyini həll edəcəklər
Analitika
22 İyun , 2016 16:11
​Britaniyanın əsas sualı: getmək, ya qalmaq - ŞƏRH

Bakı. 22 iyun. REPORT.AZ/ Sabah Böyük Britaniya vətəndaşları Şeksprin qəhrəmanı Hamletin "olum, ya ölüm" dilemmasını siyasi müstəvidə referendumda "brexit, or bristaying" (Avropa İttifaqından "getmə, ya qalma") sualını cavablandırmaqla həll edəcəkələr.

Avropa İttifaqını (Aİ) 65 il əvvəl Britaniyanın iştirakı olmadan Almaniya, Belçika, Fransa, Niderland, Lüksemburq və İtaliya Avropa Kömür və Polad Birliyi adı altında yaradıblar. Hazırda ittifaqın 28 üzvü var. Qurum 1999-cu ildən öz valyutasını (avro) dövriyyəyə buraxsa da, bu pulun əskinasaları nağd şəkildə 2002-ci ildən istifadə edilir.

Britaniya Aİ-yə 1973-cü ildə qoşulub. Ancaq avrozonaya daxil olmayaraq, öz valyutasını (funt-sterlinq) saxlayıb.

Son sosial araşdırmaların nəticəsinə əsasən, sorğuda iştirak edən respondentlərin 53 fazi Britaniyanın ittifaqda qalmasını, 46 faizi isə çıxmasını istəyib.

Britaniyanın Avropa İttifaqından çıxması niyə gündəmə gəlib? Əvvəlcə onu qeyd edək ki, hələ 1984-cü ildə krallığın o vaxtkı baş naziri Marqaret Tetçer ölkəsinin qurumdan çıxması məsələsini qaldırmışdı. Ancaq bu, referendumla nəticələnmədi.

Bir neçə il əvvəl krallığın Aİ-dən çıxmasının tərəfdarı, multikulturalizmin əleyhdarı kimi çıxış edən, hazırda Britaniyanın qurumda qalmasını ciddi cəhdlə müdafiə edən baş naziri Devid Kemeron 2015-ci ildə parlament seçkiləri qabağı çıxışında seçicilərinə bu siyasi kampaniyada qalib gələcəkləri halda Avropa İttifaqında "qalıb-qalmamaq"la bağlı referendum keçirəcəklərinə boyun olmuşdu.

Bu ilin əvvəlindən Aİ ilə Devid Kemeron hökuməti arasında Britaniyanın qurumdakı "xüsusi statusu" ilə bağlı aparılan danışıqlar uğurla nəticələnib. Bura qaçqınlara sosial yardımların 4 ildən sonra verilməsindən tutmuş, İngiltərə funtunun Avropa bazarında təzyiqlərə məruz qoyulmayacağına qədər olan bir sıra siyasi, sosial və iqtisadi məsələlər daxildir.

Krallığın Aİ-dən çıxmasını istəyənlər bildirirlər ki, quruma üzvlük ölkəyə gələnlərə nəzarəti mümkünsüz edir, yeni qaçqın ordusu dövlətə yük, Türkiyə və başqa dövlətlərin ittifaqa üzvlüyünə hazırlıq prosesi əlavə xərclərin artmasına səbəb olacaq və s.

Britaniyanın Avropa İttifaqından ayrılmasını istəyənlər bunlardır: bu ilin mayında keçirilən seçkidə 13 faiz səs qazanan Britaniyanın Müstəqilliyi Partiyası, 5 

nazir də daxil olmaqla Mühafizəkarlar Partiyasından olan millət vəkillərinin yarısı, Leyboristlər Partiyasından olan bəzi deputatlar, Şimali İrlandiya Demokratik Birlik Partiyası.

Britaniyanın ittifaqda qalmasının tərəfdarları isə bunlardır: Mühafizəkarlar Patiyasında baş nazir Devid Kemeron, Nazirlər Kabinetinin 16 üzvü, Şotlandiya Milli Partiyası, Liberal Demokrat Partiyası.

Mhafizəkarlar Partiyası bu kampaniyada tərəfsiz qalacağını bildirib.

ABŞ prezidenti Barak Obama Britaniyanın ittifaqda qalmasını dəstəkləyir, Almaniya və Fransa başda olmaqla Aİ-yə üzv dövlətlər də krallığn qurumda qalmasının tərəfdarıdır.

Almaniyada yerləşən Bertelsman Fondunun məsələ ilə bağlı Aİ sakinləri arasında keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 54 faizi Britaniyanın ittifaqdan çıxmasına qarşı olduğunu bildirib. Rəyi soruşulan 11 min nəfərin 21 faizi krallığın qurumdan çıxmasının tərəfdarı olub.

Referendumun keçirilməsindən 7 gün əvvəl Britaniya parlamentinin Leyboristlər Partiyasından olan deputatı, 41 yaşlı Co Koks qətlə yetirilib. O, krallığın ittifaqda qalmasının tərəfdarı kimi təbliğat aparırımış. Onun qətlinin referendumun nəticələrinə təsir edəcəyini iddia edənlər də var.Sabah Britaniya əhalisi ölkənin və bəlkə də Aİ-nin gələcəyi ilə bağlı imtahan verəcək. Bu kampaniyanın nəticəsi avropalıların birləşməklə bağlı 65 illik zəhmətini yerə də vura bilər. Avropalıları, eləcə də britaniyalıları narahat edən əsas məsələ iqtisadi vəziyyətin onların zərərinə olacağıdır.

Ancaq tarixdə SSRİ kimi birliyin dağılması sübut etdi ki, belə ittifaqların ömrü uzun olmur. Avropa İttifaqında Britaniyaya xüsusi statusun verilməsi artıq birlik daxilində bərabərhüquqluluq prinsiplərini pozur.

Düzdür, ingilislər ittifaqda daha çox pul xərcləyənlərdəndir. Bununla belə, xüsusi status məsələsi bütün hallarda ayrı-seçkilik təsəvvürünü yaradır.

Bundan başqa, ittifaqın liderləri Almaniya və Fransadır. İngiltərə onların fonunda çox zəif görünür. Heç şübhəsiz, bu amil Britaniya siyasilərinə təsirsiz ötüşmür.

Avropanın mövcudluğunda və dünyanın bölüşdürülməsində payı, haqqı çox olan Birləşmiş Krallıq referendum keçirməklə ittifaq üzvlərinə və onların liderlərinə öz gücünü bu dəfə demokratik əsaslarla göstərməyə çalışır.

Hadisələrin gedişatı ehtimal etməyə əsas verir ki, referendumda Aİ-dən çıxmağa səs verənlərlə qalmağı istəyənlərin səsləri arasında fərq az olacaq.

Lap elə 2014-cü il sentyabrın 19-da Şotlandiyada müstəqillik üzrə keçirilən referendumun nəticələrinə oxşayacaq.

Həmin referendumdan sonra Britaniya dərindən bir nəfəs alıb krallıq tərkibində Şotlandiyanın səlahiyyətlərini artırdı. Bununla həm də Böyük Britaniya və Şimali

İrlandiya Birləşmiş Krallığının dağılmasının qarşısı alındı.Həmin referendumda iştirak edən seçicilərin 55,3 faizi krallığın tərkibində qalmağa, 44,7 faizi isə çıxmağa səs vermişdi.

İndi növbə Avropa İttifaqınındır. Dağılmaq qorxusundan bir müddət rahat nəfəs almaq üçün Britaniya seçiciləri "bristaying" etməlidir. Onsuz da həm daxildən, həm də xaricdən ittifaqın dağılmasını istəyənlər az deyil.

Beləliklə, iyunun 23-də Britaniya seçiciləri "Birləşmiş Krallıq Avropa İttifaqı üzvü olaraq Aİ-də qalmalımı, yoxsa ayrılmalımı" sualını cavablandıracaqlar.

Hamletin həmvətənləri bununla həm də Avropa İttifaqının gələcəyini, qurumun qalıb-qalmaması məsələsini də həll edəcəklər.

Son xəbərlər

Orphus sistemi