Britaniya referendumu: dünya düzənini yeni sürprizlər gözləyir - ŞƏRH

Britaniya referendumu: dünya düzənini yeni sürprizlər gözləyir - ŞƏRH Böyük Britaniya krallığının mövcudluğu ilə bağlı narahatlıqlar artır, Şotlandiya və Şimali İrlandiyanın müstəqilliyinə yol açılır
Analitika
24 İyun , 2016 14:05
Britaniya referendumu: dünya düzənini yeni sürprizlər gözləyir - ŞƏRH

Bakı. 24 iyun. REPORT.AZ/ Dünyanın səbirsizliklə gözlədiyi "brexit" siyasi kampaniyasının nəticəsi məlum oldu. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vətəndaşları Avropa İttifaqına "yox" dedi.

Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb. Məlumata görə, 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib.

Referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçib. Bu rəqəm Britaniya üçün rekord sayılır.

İyunun 23-də Britaniyada keçirilən referendumda vətəndaşlar "Birləşmiş Krallıq Avropa İttifaqının üzvü olmalıdırmı?", yaxud "Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?" suallarını cavablandırıblar.

Krallığın İttifaqda qalıb-qalmaması məsələsi ilə bağlı keçirilən referendumun nəticələri qitənin, eləcə də dünyanın siyasi, iqtisadi, maliyyə və ictimai məsələlərinə də təsirsiz ötüşməyəcək.

Artıq onun ilkin nəticələri özünü göstərməkdədir. Britaniya funt sterlinqi dollara nisbətdə 5,5 faiz ucuzlaşaraq 1,4 dollara satılıb. Bu, krallıq tarixində son 30 ildə ən aşağı göstərici sayılır. Xam neft ucuzlaşsa da qızılın qiyməti qalxıb.

Referendumun nəticələrinə ilkin münasibətlər də açıqlanıb. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer məsələyə belə qiymət verib: "Avropa və Britaniya üçün kədərli gündür".

Almaniya kanslerinin müavini Ziqmar Qabriel twitter səhifəsində referendumun nəticəsini belə dəyərləndirib: "Lənət şeytana! Avropa üçün pis gündür".

Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb deyib: "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!"

Fransanın xarici işlər naziri Jan-Mark Eyro nəticənin Britaniya üçün "kədərli" hal olduğunu bildirib: "Avropa İttifaqı fəaliyyətini davam etdirəcək. Bununla belə, qurum buna qısa zamanda reaksiya verərək insanların etibarını qaytarmalıdır. Gözləmək olmaz".

Niderland parlamentinin üzvü, Avropaya mühacir axınının qatı əleyhdarı Gert Vilders fərqli mövqedən çıxış edib: "Ura, Britaniya! İndi bizim növbəmizdir. Niderlandda referendumun vaxtı çatıb".

Britaniyanın Avropa İttifaqından çıxması həm də ölkədəki mühafizəkar siyasi-ictimai görüşün qələbəsi kimi dəyərləndirilə bilər. 2014-cü ildə krallığın tərkibindən çıxmaq istəyən Şotlandiyada keçirilən refendumqabağı Britaniya kraliçası II Yelizaveta və Mühafizəkarlar Partiyası daha fəal görünürdü, bu prosesə qarşı çıxışlar edir, bəyanatlar verirdilər.

Ancaq çox maraqlıdır ki, Mühafizəkarlar Partiyası "brexit" hadisəsində tərəfsiz qaldığını bəyan etdi, kraliça isə ümumiyyətlə, məsələyə münasibət bildirmədi. Referendumun nəticələri məlum olandan sonra da kraliça məsələyə heç bir münasibət bildirməyib.  

Diqqətçəkən başqa məsələ isə Şimali İrlandiya və Şotlandiya əhalisinin ittifaqda qalmağın lehinə səs verməsidir.

İki il əvvəl Şotlandiyada keçirilən referendum ərəfəsində Avropa İttifaqının rəhbərliyi bəyan etmişdi ki, krallığın tərkibindən çıxacaqları halda ölkə dərhal ittifaqa üzv qəbul edilməyəcək. Heç şübhəsiz, ittifaqın bu bəyanatı Şotlandiyada keçirilən referendumun nəticəsinə təsir etdi. Həmin referendumda iştirak edən seçicilərin 55,3 faizi krallığın tərkibində qalmağa, 44,7 faizi isə çıxmağa səs vermişdi.

Şimali İrlandiyanın məşhur Şinn Feyn Partiyası da fəallaşıb. Bu təşkilat uzun illərdir İrlandiyaya birləşmək uğrunda mübarizə aparır. Bir neçə il əvvəl onlar silahlı mübarizədən əl çəksələr də, bu istiqamətdə dinc mübarizəni davam etdirirlər. Partiya sədri Deklan Kirni bildirib: "Referendumun nəticəsi siyasi mənzərəni kəskin dəyişdi. Biz İrlandiya ilə ümumi sərhədin olması, referendum keçirmək istiqamətində fəaliyyətimizi gücləndirəcəyik". O hesab edir ki, Britaniya hökuməti krallığın ittifaqda qalmasına səs verən Şimali İrlandiya əhalisinin maraqlarını təmsil edə bilməz.

Bununla da Şimali İrlandiya Avropa İttifaqının tərkibində olan İrlandiyaya birləşməklə özünün milli maraqlarını da təmin etmək niyyətindədir.

Ona görə də ehtimal etmək olar ki, Britaniya hökuməti Şotlandiya məsələsində Avropa İttifaqından yararlandısa da, ancaq Şimali İrlandiya oxşar referendum keçirsə, bu zaman ittifaqın rəsmi Londonu dəstəkləyəcəyi az inandırıcıdır.

Türkiyənin 3000-ci ildə ittifaqa üzv olacağını proqnozlaşdıran Britaniya hökuməti 2016-cı il iyunun 23-də keçirilən referendumun nəticələrini görə bilməməklə siyasi baxımdan uzaqgörən olmadığını nümayiş etdirdi. Krallığın Avropa İttifaqında qalması ilə bağlı təbliğatın həm də Türkiyə üzərində qurulmasının ziyanlı olduğu təsdiqləndi.

Referendumla bağlı məğlubiyyətdən sonra Avropanın siyasi mədəniyyətinə uyğun olaraq, baş nazir Devid Kemeronun və hökumətinin istefaya gedəcəyi gözlənilən idi. D.Kemeron üç aydan sonra özünün və hökumətinin istefa verəcəyini, krallığın yeni liderə ehtiyac olduğunu bəyan edib. O, referendumun nəticələrinin britaniyalıların həyatında köklü dəyişikliklərə səbəb olmayacağını da vurğulayıb.

Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı aşağıdakı mülahizələri yürütmək olar;

- Demokratiya ən problemli məsələni asan yolla həll edə bilər;

- Siyasi partiyalar əhalinin sosial sifarişinə vaxtında cavab verir;

- Avropanın və dünyanın siyasi münasibətlərində dəyişikliklər olacaq;

- Qurumdan çıxmağın asan olması baxımından Avropa İttifaqının kövrək qurum olduğu aşkarlandı;

- Beynəlxalq birliklərə etibar azalacaq;

- Avropa İttifaqını sevməyənlər, ittifaqda parçalanmanı genişləndirib gücləndirmək üçün fəallığı artıracaq;

- Britaniyanın olmadığı təşkilata maraq azalacaq;

- Bu siyasi kampaniya siyasi leksikona "brexit" kəlməsini də qazandırıb;

- 65 yaşlı Avropa İttifaqında islahatlara ehtiyacın olduğu təsdiqləndi;

- Britaniya krallığının mövcudluğu ilə bağlı narahatlıqlar artdı.

Son xəbərlər

Orphus sistemi