​"Borrusiya" rəhbərliyi Mxitaryandan "məzlum" obrazı yaradır - ŞƏRH

​"Borrusiya" rəhbərliyi Mxitaryandan "məzlum" obrazı yaradır - ŞƏRH Klubun məsulları "qaşınmayan yerdən qan çıxarır"
Analitika
19 Oktyabr , 2015 13:10
​Borrusiya rəhbərliyi Mxitaryandan məzlum obrazı yaradır - ŞƏRH

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan şairi M.Ə.Sabir özümüzə xitab edərək, yazdığı şeirindəki "Çırmanırıq, keçməyə çay gəlməmiş..." misrasını yazanda deyəsən, elə Almaniyanın "Borrusiya" (Dortmund) futbol klubu və onun oyunçusu Henrik Mxitaryanı da nəzərdə tutub.

İşğal altındakı Dağlıq Qarabağ münaqişəsinə görə, Azərbaycanla Ermənistan arasında yaranmış münasibətdən bir sıra qüvvələr birinciyə qarşı istifadə etməkdədirlər.

Belələri gah işğal altında olan Azərbaycan torpaqlarına rəsmi Bakının icazəsi olmadan gedərək problem yaradır, sonra bundan "qara piar" kimi Azərbaycana qarşı istifadə edir, gah da burada "təhlükəsizliyə təminat verilmir", yaxud "təhlükəsizlik məsələsini nəzərə alaraq" bəhanələri ilə gəlməkdən imtina edirlər. 

Oktyabrın 22-də "Qəbələ" Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində qarşılaşacaq. Dortmund təmsilçisinin rəhbərliyi "Qəbələ" ilə oyuna erməni futbolçusu Henrik Mxitaryanı gətirməyəcəyini bildirib. Almaniya klubunun baş direktoru Hans Yoaxim Vatske "Bild" nəşrinə açıqlamasında deyib ki, komandası oyunda "təhlükəsizlik tədbiri" olaraq, Mxitaryansız keçinəcək: "O, güman ki, bizimlə uçmayacaq. Ermənistanla Azərbaycan arasındakı münaqişəni nəzərə alaraq, öz oyunçularımızın təhlükəsizliyinin qayğısına qalmalıyıq. Oyunçu özünü yaxşı hiss etmirsə, bu, nəzərə alınacaq".

Son 5 ildə Ermənistan və başqa ölkələrin vətəndaşı olan ermənilər Azərbaycanda keçirilmiş müxtəlif məzmunlu tədbirlərdə iştirak ediblər.

2010-cu il oktyabrın 11-də Bakıda Sosialist İnternasionalının toplantısı keçirilib. Tədbirdə iştirak etmək üçün Bakıya səfər edənlər arasında “Daşnaksütyun” erməni inqilabi federasiyasının büro üzvləri - Mario Nalbandyan, “Ay Data” mərkəzi ofisi və “Daşnaksütyun”un siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyan da olub. “Daşnaksütyun” nümayəndələri Azərbaycanda heç bir problemlə üzləşmədiklərini bildiriblər.

Bu il "Bakı-2015" I Avropa İdman Oyunlarına Ermənistandan 18 idmançı qatılıb və onlar atıcılıq, boks, güləş, sambo, güləş idman növləri üzrə təmsil olunublar. 

Bu yaxınlarda isə şahmat üzrə Dünya Kubokunda Ermənistanı Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyan və Samvel Ter-Saakyan təmsil ediblər. Daha iki erməni Varujan Akopyan və Samuel Sevyan isə yarışa ABŞ bayrağı altında qatılıblar.

Azərbaycan tərəfi onların təhlükəsziliyinə təminat verərək, buna əməl edib. Ermənilər isə burada təhlükəsizliklə bağlı problemlə üzləşmədiklərini bildiriblər. Hətta tanınmış erməni şahmatıçısı Levon Aronyan İçərişəhərdə fotosessiya etdirərək, onu sosial şəbəkədə belə paylaşıb.

Başqa bir örnək. Sentyabrın 17-də Ermənistan vətəndaşı Vaan Martirosyan həyat yoldaşı və azyaşlı oğlu ilə öz ölkəsindən qaçaraq, Azərbaycana sığınıb.

Göründüyü kimi, məsələ təhlükəsizliklə bağlı deyil, Azərbaycan qanunlarına hörmətdədir. Bu baxımdan, Henrik Mxitaryanın Bakıya gətirilməməsi "Borrusiya" rəhbərliyinin iddia etdiyi kimi "təhlükəsizlik"lə bağlı deyil. Görünür, klub direktoru ya məsələdən xəbərsizdir, ya da özünü bilməzliyə vurur. Hamıya gün kimi aydındır ki, Azərbaycanın Xarici İşlər Nazriliyi işğal altında olan Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan gedənləri ölkə üçün "arzuolunmaz şəxslər" siyahısına daxil edir. Ölkə üçün "arzuolunmaz"lar ("persona non-qrata") siyahısı var. Bu dövlətin təhlükəsizliyi, onun ərazi bütövlüyü, qanunlarına hörmət üçün tətbiq edilir. Başqa sözlə, Henrik Mxitaryan və onun kimilər Azərbaycana nə edə bilərlər?! Təbii ki, heç nə! Uzağı "Borrusiya"nın heyətində çıxış edib, qol vurar. Bu isə idmana aid məsələdir.

Deməli, Azərbaycan tərəfi Mxitaryana viza verməsə, bu addımı öz ərazi bütövlüyünə görə atacaq. Məsələnin bu tərəfini qoyub, "təhlükəsizlik tədbiri"ni qabardan Almaniya klubunun rəhbərliyi isə ermənilərin yanında xal qazanmaq üçün hadisəni siyasiləşdirir.

Sentyabrın 9-da Azərbaycanın Almaniyadakı səfirliyi Henrix Mxitaryanla bağlı açıqlama vermişdi: "Arzuolunmaz şəxslər"in siyahısına milliyyətindən və ya peşəsindən asılı olmayaraq, işğal altındakı Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə Azərbaycanın hakimiyyət orqanları ilə əvvəlcədən əldə edilmiş müvafiq razılıq olmadan səfər edən, Azərbaycan Respublikası qanunlarının aliliyini və ərazi bütövlüyü prinsiplərini pozan şəxslər daxil edilir".

Lakin diplomatik nümayəndəlikdən o da qeyd olunub ki, futbol komanda idman növüdür. Bu səbəbdən, "Borussiya"nın Bakıya gəlişinə fərdi şəxslərin yox, bütöv komandanın səfəri kimi baxıla bilər: "Viza alınması üçün ərizələr müvafiq qaydada hazırlanmalıdır. Arzuolunmaz şəxslərin siyahısına ayrıca baxıla bilər. Bu, Azərbaycan qanunvericiliyi çərçivəsində və ev oyunları üçün UEFA qaydalarına müvafiq surətdə olmalıdır".

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev erməni futbolçunun Azərbaycana buraxılmayacağına dair iddialara cavab olaraq deyib: "İdmanla siyasət arasında müəyyən ümumi cəhətlər olsa da, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, idman ilə siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir. "Arzuolunmaz şəxslər" siyahısına gəldikdə isə burada hər bir hal fərdi qaydada nəzərdən keçirilir".

Bu baxımdan, hələ son söz deyilməyib. Almaniya klubunun isə oktyabrın 21-də Bakıya gələcəyi gözlənilir. Odur ki, "Borrusiya"  rəhbərliyinin "çay gəlməmiş çırmanmağı" və ya "qaşınmayan yerdən qan çıxartması" da ermənilərin Azərbaycana qarşı apardığı hay-küyçülük təbliğatının bir hissəsidir. Dünya futbol ictimaiyyətinə isə sözün düzünü deməmələri bunu təsdiqləyir. 

Son xəbərlər

Orphus sistemi