​BMT-nin İstanbul sammiti - güclərin ədalətinin göstəricisi - ŞƏRH

​BMT-nin İstanbul sammiti - güclərin ədalətinin göstəricisi - ŞƏRH Humanitar fəlakətin məsuliyyəti də daha çox onların üzərinə düşür
Analitika
24 May , 2016 17:23
​BMT-nin İstanbul sammiti - güclərin ədalətinin göstəricisi - ŞƏRH

Bakı. 24 may. REPORT.AZ/ BMT 71 illik tarixində ilk dəfə Türkiyənin İstanbul şəhərində birinci Dünya Humanitar sammiti keçirilib.

Tədbir BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü və qurumun Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin təşkilatçılığı ilə düzənlənib. 

Məlumata görə, hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu qəbildən olan insanların sayı ildən-ilə artmaqdadır. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin məbləğini 2003-cü ildəki 3,4 milyard dollardan 21 milyard dollara çatdırmaqdır.

Bu baxımdan sammitin əsas hədəfi münaqişələrin həlli və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına nail olmaqdır. Ona görə də BMT hesab edir ki, bu tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan “itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.

Sammitdə dünyanın 177 ölkəsindən olan nümayəndələr, 65 dövlət və hökumət başçısı, o cümlədən Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah əl- Əhməd əl-Caber əs-Sabah, Niderlandın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri iştirak ediblər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə açılış nitqi ilə çıxış edib.

İki gün davam edən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak və çıxış edib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının öz torpaqlarında qaçqın düşdüyünü deyib. Prezident Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu vurğulayaraq, Ermənistana qarşı sanksiyanın tətbiq edilməsinin vacibliyini bildirib.

Azərbaycan istər keçmiş Sovet İttifaqının son illərində, istərsə də torpaqları Ermənistan və havadarları tərəfindən işğal olunan zaman humanitar fəlakətlə üz-üzə duran dövlətlərdən biridir.

1988-ci illərin sonlarından başlayaraq Azərbaycana Ermənistan, Gürcüstan və Özbəkistandan yüz minlərlə qaçqın sığınıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin vəziyyəti, sosial təminatı və mövcud problemləri haqqında məlumatında bildirilib ki, Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq edib, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnib.

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulub və onlar Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. 

1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 minədək Ahıska (məshəti) türkü də Azərbaycanda sığınacaq tapıb. Qeyri-rəsmi məlumatlara əsasən, həmin illərdə Gürcüstandan isə 270 min azərbaycanlı qaçaraq Azərbaycana sığınıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı nəticəsində isə bir milyona yaxın azərbaycanlı öz evlərini tərk edərək, ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıblar.

Hadisələr bir daha təsdiqləyir ki, humanitar fəlakətlər daha çox müxtəlif məzmunlu münaqişələr nəticəsində yaranır. Son illər Ukrayna, Suriya, İraq, Liviya, Misir, Yəmən və Tunisdə baş verənlər bunu təsdiqləyir.

Deməli, münaqişələr daha çox güclərin maraqlarının toqquşmasının yekunudur. Onda humanitar fəlakətin məsuliyyəti də daha çox onların üzərinə düşür. Düzdür, burada bir sıra dövlətləri idarə edən rejimlərin də payı az deyil. Suriyada baş verənlər buna bariz nümunə ola bilər.

Ən təəssüfləndirici hal isə maraqlarını təmin etmək istəyənlərin qaçqın məsələsinə münasibətidir. Onlara yardım edilməsində ayrı-seçkiliyə yol verilməsidir. Ankara rəsmiləri İraq və Suriyadan olan 3 milyondan çox qaçqını qəbul etdiklərini bildirir. Bunun qarşılığında isə Türkiyəyə yardımın edilməsini isə siyasi alver predmetinə çevirirlər. Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyən terrorçular Avropa ölkələri ərazisində fəaliyyətini rəsmiləşdirir, onlara maddi və silah-sursat yardımı edilir.

Beləliklə, humanitar fəlakətin, o cümlədən "itirilmiş" uşaq nəslinin yaranmasında günahkar dünyanın müxtəlif ölkələrində, bölgələrində iddialarını reallaşdırmaq istəyən güclərdir. İstanbul sammitində iştirak edənlərin siyahısında onların liderlərinin olmaması fəlakətin miqyasının azalmayacağının göstəricisi də sayıla bilər. Güclü olmaq isə hələ ədalətliliyin göstəricisi deyil. Təəssüf ki, dünyanın taleyi ədaləti az olan güclərin əlindədir. 

Son xəbərlər

Orphus sistemi