Azərbaycanın bəzi yollarında təhlükəli vəziyyət yaranıb - ARAŞDIRMA

Azərbaycanın bəzi yollarında təhlükəli vəziyyət yaranıb - ARAŞDIRMA Coğrafiya İnstitutu: Hazırda dövlət qurumları həmin yollarda heç bir iş görmür
Analitika
20 Aprel , 2016 14:39
Azərbaycanın bəzi yollarında təhlükəli vəziyyət yaranıb - ARAŞDIRMA

Bakı. 20 aprel. REPORT.AZ/ "Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yolunun hər ikisində sürüşmə hadisələri baxımından vəziyyət gərgindir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Elbrus Əlizadə deyib.

O bildirib ki, Azərbaycanda bu yaz ən böyük sürüşmə hadisəsi Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində baş verib: "Orada sürüşmə baş verən ərazilərin bir hissəsi məhz mühəndis-texniki qurğuların tikildiyi yerlərdir. Mühəndislər sürüşmələrin qarşısına istinad divarı çəkib, ancaq istinad divarında yığılan rütubətin ötürülməsi üçün suötürücü qurğu qurulmayıb. Təbii halda sürüşən materiallar rütubətlə dolduğuna görə torpaq istinad divarının üstündən aşır, çünki rütubət yığılır və çıxmağa yer yoxdur".

Professor qeyd edib ki, “Şərədil” istirahət mərkəzinin yaxınlığında Ağsu aşırımına çatan yolda, düz Ağsu aşırımının başlanğıcında da birbaşa yolun özündə sürüşmə, çökmə hadisəsi baş verib: "Həmin yerdə də sürüşmənin səbəbi eynidir. Ora sürüşmə baxımından təhlükəli zonadır, ifrat nəmlənmə var və yol salınarkən orada suötürücü qurğular çəkilməyib. Nəticədə avtomobil yolunda böyük ərazini əhatə edən sürüşmə, çökmə hadisəsi baş verib".

E.Əlizadənin sözlərinə görə, hazırda Ağsu aşırımında sürüşmələr fəallaşıb: "Ağsu aşırımı onsuz da təhlükəli zonadır. Amma bu ilin rütubətli keçməsi, yağıntıların çox olması sürüşmələrin fəallaşmasına səbəb olub. Eyni sürüşmə fəallığı Lənkəran-Lerik yolunda da müşahidə olunur".

İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Starə Tarixazər qeyd olunan sürüşmə zonalarında araşdırma aparıb. Nəticələr barədə "Report"a danışan mütəxəssisin sözlərinə görə, tədqiqatları aparan zaman Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində sürüşmənin uzunluğunun 180-200 metrə qədər çatdığı məlum olub: "Qırılan divarların hündürlüyü 60-180 sm-ə qədər çatır. Bakıdan gedən yolun həm sol, həm də sağ tərəfi bərbad vəziyyətdədir. Bu yolda sürüşmə çox aktivdir. Həmin ərazidə asfalt yolun üstündə də 7-10 sm-lik çatlar yaranıb və proses davam edir. Hazırda yolun bir hissəsi dağılıb. Bərpa işləri aparılmasa, sürüşmə davam edəcək və yol tamamilə dağılacaq. İstinad divarlarında drenaj sistemi qurulmalıdır".

O bildirib ki, sürüşmələr əsasən Bakı-Qobustan-Şamaxı yolunun 104-110-cu kilometrində fəallaşıb: "Yolun ortasından eninə böyük çat yaranıb. Bu çatlar genişlənir. Hazırda dövlət qurumları tərəfindən burada heç bir iş görülmür, buranı "Azəravtoyol" ASC nəzarətdə saxlamalıdır. Azərbaycanda bu sahə üzrə yaxşı mütəxəssislər var, onlardan məsləhətlər alınmalıdır".

S.Tarixazərin sözlərinə görə, yollarda yeni çatlar yaranır, gəlib sürüşən hissəsinə yamaq vururlar, amma bununla iş bitmir: "Şərədil" istirahət mərkəzindən 100-150 metr yuxarıda uzunluğu 92-93 metr, dərinliyi 150-160 sm-ə çatan sürüşmə zonası var. Bərpa işləri görülməsə, gələcəkdə istirahət mərkəzinə təsir edəcək. Ağsu aşırımında, Bakıdan 140-150-ci km-də 6-7 yerdə sürüşmə sahəsi var, həmin ərazini lentlə hasarlayıblar, amma heç bir iş görülməyib".

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə "Report"a deyib ki, ola bilsin, Coğrafiya İnstitunun əməkdaşları ərazidə olan vaxt orada heç kim olmayıb: "Amma həmin yollarda işlər davamlı gedir".

O bildirib ki, yollarda qurulan istinad divarının eni və uzunluğunu mütəxəssislər, ixtisaslı mühəndislər müəyyənləşdirirlər: "Sürüşmə zonalarında qurulan yollarda işlər xüsusi olaraq razılaşdırılmış şəkildə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində hazırda hər hansı bir tədbir görülmür. Ora sürüşmə zonasıdır, hər hansı formada təbii prosesin qarşısını almaq mümkün deyil. Biz ancaq yola ziyan dəyməsin deyə, qabaqlayıcı tədbir görə bilərik, təbii hadisəyə müdaxilə edə bilmərik".

Qurum rəsmisi xatırladıb ki, Bakı-Qobustan-Şamaxı yolunun 91-107-ci kilometrliyinin yenidən qurulması nəzərdə tutulur: "Bununla bağlı Dünya Bankı ilə 40 milyon dəyərində müqavilə də imzalanıb. Qeyd olunan sürüşmə ərazisi də tikinti sahəsinə düşür. Orada dörd hərəkət istiqamətli, iki dörd zolaqlı avtomobil yolu olacaq. Yolun qurulması zamanı sürüşmə prosesi gedən ərazilər nəzərə alınaraq, yenidənqurma işləri aparılacaq. "Şərədil" istirahət mərkəzi yaxınlığındakı ərazidə olan sürüşmə zonasında da hazırda işlər gedir ki, avtomobil yoluna ziyan dəyməsin".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev "Report"a açıqlamasında bildirib ki, Bakı-Qobustan-Şamaxı yolunun 106,107,109, 111, Ağsu aşırımına çatmamış 133,135-ci kilometrlikləri təhlükəli sahələrdir: "Orada yol çəkmək çox təhlükəlidir. Gələcəkdə də burada hər hansı iş görmək çətindir. Həmin ərazidə müəyyən kütlə tektonik hərəkətlər nəticəsində qırılıb və demək olar ki, daim hərəkətdədir. Az miqdarda yağış suyu düşəndə, ağır tonnajlı maşınlar gedəndə ərazidə müəyyən hərəkət baş verir".

O xatırladıb ki, Muğanlı-İsmayıllı yolundan Ağsu çayına qədər də sürüşmə zonasıdır: "Həmin sürüşmə sahəsindən də tektonik qırılma keçir, yeraltı sular səthə yaxın çıxır, göllər əmələ gəlib".

İstinad divarlarının necə qurulmasına münasibət bildirən baş geoloq bildirib ki, istinad divarı ana süxurun, köklü süxurun üstə qoyulmalıdır: "Zığ sürüşmə sahəsində sürüşmə kütləsinin üstündə istinad divarları tikilib, həmin divarlar kütlə ilə bərabər hərəkət edir. Sürüşən süxurun üstdə tikilən divarların heç bir faydası yoxdur, divarlar ana süxurun üstdə qoyulmalıdır və bu zaman sürüşmənin ölçüləri nəzərə alınmalıdır".

Bakı-Qobustan-Şamaxı yolunun 91-107-ci kilometrliyinin yenidən qurulması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətin vacib olduğunu deyən mütəxəssis vurğulayıb ki, “Azəravtoyol” ASC sürüşmə təhlükəsi olan yolun yenidən qurulması üçün nazirliyə müraciət etməlidir: "Müraciətdən sonra nazirliyin rəhbərliyi tərəfindən mütəxəssislərə müvafiq tapşırıqlar veriləcək. Nazirlikdə bu işlərlə məşğul olacaq kifayət qədər mütəxəssis var. Bakı-Qobustan-Şamaxı yolunun həmin ərazisində artıq neçə illərdir dalğavari çatlar, sürüşmələr əmələ gəlir. Yol daimi təmir olunur, amma yenə eyni proses təkrarlanır. Yolçəkənlər dəqiq nəticəyə gəlmək üçün həmin sahədə hidrogeoloji, mühəndis geoloji, dağ geoloji işlər aparmalıdır. Ola bilsin ki, nəticəyə uyğun olaraq həmin yolun istiqaməti dəyişilsin. Hazırda həm Şamaxı-Bakı istiqamətinə, həm də əksinə yol çəkilir, amma qeyd olunan sahəni saxlayıblar. Həmin ərazi çox incə yerdir, orada iş diqqətlə aparılmalıdır".

Ə.Piriyev qeyd edib ki, yolçəkən qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə heç bir iş aparmır: "Sovet vaxtında yol tikintisi zamanı müvafiq qurumlarla əməkdaşlıq formasında işləyirdik. İndi yol tikintisi zamanı həmin qurumlar öz geoloqları ilə işləyir".

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Report"a bildirib ki, sürüşmə ərazilərində yolun tikilməsinə nəzarətin FHN-ə aidiyyəti yoxdur: "Yol tikintisi, salınması məsələlərinə Fövqəladə Hallar Nazirliyi baxmır. Yollarda sürüşmə prosesi baş verən zaman bizim ekspertlər də həmin əraziyə gedir, baxış keçirir, sürüşmənin səbəbini müəyyənləşdirir və görüləcək tədbirlərlə bağlı tövsiyələr verirlər. Yol tikintisi, salınmasına "Azəravtoyol” baxır, onlar bu məsələləri Nəqliyyat Nazirliyi ilə razılaşdırırlar.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi fəaliyyət göstərir ki, o da ölkə ərazisində təhlükəsizlik tələbləri ilə bağlı fərdi tikintilər, inzibati binalara rəy verir, nəzarət edir, yoxlayır".

Son xəbərlər

Orphus sistemi