Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı - regional təhlükəsizlik gücləndirilir

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı - regional təhlükəsizlik gücləndirilir Azərbaycan Milli Məclisi fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləyib. Bununla da 2021-ci il iyunun 15-də Azərbaycan Republikasının Prezidenti İlham Əliyev və Türkiyə Republikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladığı bəyannamə ilə
Analitika
2 Fevral , 2022 13:48
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı - regional təhlükəsizlik gücləndirilir

Azərbaycan Milli Məclisi fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləyib. Bununla da 2021-ci il iyunun 15-də Azərbaycan Republikasının Prezidenti İlham Əliyev və Türkiyə Republikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladığı bəyannamə ilə bağlı daha bir hüquqi prosedur reallaşdı. Fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisinin bu sənədi müzakirə edəcəyi gözlənilir.

Dünyada gərginliyin günü-gündən artdığı bir vaxtda Şuşa Bəyannaməsinin qlobal, regional və ikitərəfli əhəmiyyətinin böyüklüyü də bir daha təsdiqlənir. Dövlətlər hazırda COVID-19 nəticəsində yaranan iqtisadi problemlərdən daha çox terrordan, ərazi bütövlüyünün təhdid edilməsindən, separatçılıqdan əziyyət çəkir. Bu kimi hallar səbəbindən regional və beynəlxalq təhlükəsizlik də təhdid olunur. Təhlükəsizliyin təmin olunması, terrorçuluğa qarşı mübarizə, ərazi bütövlüyünün qorunması da bəyannamənin əsas istiqamətlərindəndir.

Bu məsələlər sənəddə belə əks olunub: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq”.

Son illər Azərbaycanla Türkiyə təhlükəsizlik və ərazi bütövlüyünün təmin olunması məsələsində bir-birinə yardım və dəstəyi daha da artırıb. Hərbi sahədə əməkdaşlıq Şuşa Bəyannaməsinin müddəalarının reallaşması istiqamətində addımlar atıldığına əyani sübutdur. NATO-nun üzvü olan Türkiyə dünyanın aparıcı ordusuna malikdir. Onun bu üstünlüyündən Azərbaycan tərəfi də sənədə uyğun olaraq faydalanır.

Fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Hulusi Akarla görüşüb. Nazirlərin görüşündən sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıqdan danışan Hulus Akar bildirib: “Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir”. Qeyd edək ki, bəyannamədə deyilir: “Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər”. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hulusi Akarla birgə mətbuat konfransında iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq deyib: “Prezidentimizin tapşırığı ilə biz Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Türkiyənin bu istiqamətdə Azərbaycana böyük dəstəyi var”.

Türkiyə işğaldan təmizlənən Azərbaycan ərazilərində quruculuq işlərində də bəyannamədə nəzərdə tutulan prinsipləri həyata keçirir. Eyni zamanda Türkiyə rəsmiləri Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması, habelə regional və qlobal miqyasda əhəmiyyətini ABŞ, Avropa İttifaqı və Rusiyanın dövlət təmsilçiləri ilə görüşlərdə də diqqətə çatdırır. Fevralın 1-də Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasındakı danışıqda da Azərbaycan məsələsindən bəhs edilib.

Son zamanlar Ukrayna ətrafında gərginlik daha da artıb. Bu ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinə Azərbaycanla Türkiyənin eyni mövqedən yanaşması beynəlxalq səviyyədə tanınan ərazilərin təmin olunması, dövlətlərin suveren hüquqlarının qorunması, separatçılığa qarşı birgə mübarizənin göstəricilərindəndir. Şuşa Bəyannaməsində bu məsələ də öz əksini tapıb.

Bu il yanvarın 14-də Prezident İlham Əliyev Ukraynaya səfər etmişdi. Fevralın 3-də isə Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfəri planlaşdırılıb. Bu, bir daha təsdiqləyir ki, Ankara və Bakı xarici siyasət sahəsində bir mövqedən çıxış edirlər. Hadisələr sübut edir ki, Şuşa Bəyannaməsi zamanın tələbindən yaranıb. Bu sənəd Azərbaycan və Türkiyənin ərazi bütövlüyü, suverenliyinin qorunması, təmin olunması qədər başqa dövlətlərin eyni sahə üzrə problemlərinin həllinə də yardım və dəstəkdir.

Azərbaycanla Türkiyə həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Avropa İttifaqı Avropaya təbii qaz təchizatının artırılmasını müzakirə etmək üçün bu həftə Azərbaycanla danışıqlar aparmağı planlaşdırır. Müzakirələrdə Azərbaycanın “mavi yanacağ”ını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ixracın artırılması imkanlarına baxılacaq. Bu, Azərbaycan və Türkiyənin əməkdaşlığının beynəlxalq səviyyədə əhəmiyyətini bir daha isbatlayır.

Beləliklə, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsindəki öhdəliklərini yerinə yetirməklə beynəlxalq hüquqa sayğını artırırlar. İki dövlətin belə davranışı ölkələr arasında münasibətlərə örnək sayıla bilər. Odur ki, Ankara və Bakı həm də beynəlxalq münasibətlərə bəyannamə ilə yeni töhfə verib.

Son xəbərlər

Orphus sistemi