​Avropa İttifaqında Fələstin günü - ŞƏRH

​Avropa İttifaqında Fələstin günü - ŞƏRH Qurum Fələstin Dövlətinin tanınması istiqamətində mühüm addım atıb
Analitika
17 Dekabr , 2014 20:58
​Avropa İttifaqında Fələstin günü - ŞƏRH

Bakı. 17 dekabr. REPORT.AZ/ Dünya Rusiya rublunun qiymətdən düşməsini izlədiyi bir vaxtda Avropa İttifaqı Fələstin Dövlətinin tanınması istiqamətində önəmli sayıla biləcək addım atıb.

Avropa Parlamentinin deputatları Avropa İttifaqına (Aİ) üzv ölkələrin Fələstin Dövlətinin müstəqilliyinin tanınması prosesini və Yaxın Şərq münaqişəsinin dinc yolla həllini dəstəklədiklərini bildiriblər.

Dekabrın 17-də Strasburqda məsələ ilə bağlı parlament üzvlərinin səs çoxluğu ilə təsdiqlədiyi uyğun qətnamənin icrası Aİ üzvləri üçün məcburi sayılmayan sənəddə bildirilib: "İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrailin yaşayış yerləri tikməsi beynəlxalq qanunvericilik baxımından qanunsuzdur".

Deputatlar 1967-ci ildəki sərhəd əsasında "Qüdsün iki dövlətin paytaxtı olmasını", habelə İsrailin təhlükəsizliyi nəzərə alınmaqla "müstəqil, demokratik, qonşu və yaşayış qabilyyəti olan Fələstin Dövlətini", onların beynəlxalq hüquq çərçivəsində çiyin-çiyinə, milli müqəddəratını təyinetmə prinsipi əsasında mövcudluğu haqda qərarı dəstəkləyib.

Parlament üzvləri hesab edir ki, Aİ Yaxın Şərqdə mövcud problemin həllində əsas rol oynamalıdır. Buna görə də "avropalı deputatlar İsrail və Fələstin parlamentlərinin üzvləri ilə birlikdə" "Parlament üzvləri sülh uğrunda" şüarı adı altında təşəbbüsə başlamaq haqqında razılaşıblar.

Xatırladaq ki, Avropa İttifaqının Fələstini tanıyıb-tanımamaqla bağlı səlahiyyəti yoxdur. Bu məsələ ilə bağlı qərarı üzv dövlətlər ayrı-ayrılıqda qəbul edə bilər.

Dekabrın 17-də Avropa İttifaqının Ali Məhkəməsi də Fələstin üçün az əhəmiyyət daşımayan qərar qəbul edib. Qurum Fələstin İslami Müqavimət Hərəkatını ("HƏMAS") terrorçu təşkilatlar siyahısından çıxarılması haqda qərar verib.

Məhkəmənin qərarında bildirilib ki, ittihamlar "HƏMAS"ın fəaliyyətinin analiz əsasında deyil, internet və KİV-də yayılan məlumatlara əsasən hazırlanaraq terrorçu qurumlar siyahısına salınıb.

Qərarda göstərilib ki, təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər 3 ay müddətində qüvvədə qalacaq.

Yeri gəlmişkən onu da xatırladaq ki, bir sıra dövlətlər, o cümlədən ABŞ, İsrail, Kanada "HƏMAS"ı terrorçu təşkilatlardan biri sayır.

Aİ məhkəməsinin qərarından İsrailin narahat olacağı gözlənilən idi və bu ölkənin baş naziri Binyamin Netanyahu Avropa İttifaqına müraciət eədərək, "HƏMAS"ı terrorçu təşkilatlar siyahısında saxlamağa çağırıb.

O, deyib ki, İsrail "HƏMAS"ın yenidən terrorçu təşkilatlar siyahısına qaytarılacağını gözləyir. Baş nazir "HƏMAS"ın əsas hədəflərindən birinin İsraili məhv etmək olduğunu vurğulayıb.

B.Netanyahunun çağırışına cavab özünü çox gözlətməyib. Qurumun təmsilçisi Maya Kosyançiç bildirib ki, məhkəmənin qərarına baxmayaraq, Avropa Komissiyası "HƏMAS"ı terrorçu təşkilat sayır.

O əlavə edib ki, Aİ öz məhkəməsinin qərarına etiraz edəcək.

Məlumdur ki, Avropanın bir sıra dövlətlərinin parlamentləri, o cümlədən Fransa, İrlandiya, İsveç Fələstin Dövlətinin müstəqilliyinin tanınması ilə bağlı ölkələrinin parlamentinə müraciət ünvanlayıb.

Nəzərə almaq lazımdır ki, 2011-ci ilin oktyabrın 31-də YUNESKO Fələstin Dövlətini üzv qəbul edib. Həmin ilin dekabrında isə bu dövlətin bayrağı Parisdə qurumun baş qərargahında asılıb. 2012-ci il noyabrın sonunda BMT Baş Assambleyası Fələstinə dövlət kimi müşahidəçi statusu verib.

Baş verənlərə əsasən demək olar ki, Fələstin məsələsi bölgənin düyün nöqtəsi olaraq qalmaqdadır. Parlamentin qəbul etdiyi qətnamə Aİ-nin Yaxın Şərqdə rolunun artırılmasına xidmət etdiyini də qeyd etmək lazımdır. Fikrimizcə, bölgədəki münaqişələr fonunda Fələstinə bu sayaq münasibətlə Avropa ərəb dünyasına xoşməramlı olduğunu və qərəzli olmadığını nümayiş etdirmək istəyir.

Bu baxımdan Aİ-nin qətnaməsini Fələstin Dövlətinin tanınması üçün üzv dövlətlərə ciddi siqnal saymaq da olar. "HƏMAS"la bağlı Aİ Ali Məhkəməsinin qərarına gəldikdə isə bunu yoxlayıcı jest də hesab etmək mümkündür.

Beləliklə, dünyada müstəqil Fələstin Dövlətinin tanınması istiqamətində ciddi addımlar atılmaqdadır.

Son xəbərlər

Orphus sistemi