​Avropa İttifaqı -Türkiyə danışıqları: türk dövlətinin təhlükəsizliyi, yaxud "Rus Amerikası" dərsi - ŞƏRH

​Avropa İttifaqı -Türkiyə danışıqları: türk dövlətinin təhlükəsizliyi, yaxud "Rus Amerikası" dərsi - ŞƏRH Türkiyəyə qarşı olan silahlı və silahsız qruplar dəstəklənir
Analitika
9 Mart , 2016 13:00
​Avropa İttifaqı -Türkiyə danışıqları: türk dövlətinin təhlükəsizliyi, yaxud Rus Amerikası  dərsi -  ŞƏRH

Bakı. 9 mart. REPORT.AZ/ Yaxın Şərqdə, xüsusi ilə Suriya əhalisinin qaçqın vəziyyətə düşməsində Avropa İttifaqının (Aİ) da rolu və günahı az deyil. O, bu məsələnin həllində "aciz" görünməkdədir. Əslində aciz görünmək deyil, rahatlığını pozmaq istəmir. Odur ki, Aİ ərazisində 2,7 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyənin boynuna yeni öhdəliklər qoymağa səy göstərir. Uzun illərdir qapılarını türk dövlətinin üzünə bağlayan Avropa İttifaqı çeşidli şirinikləndirici vədlərlə Ankaranı alyansa üzv ölkələrdə yaranmış qaçqın probleminin həllinə cəlb etməyə başlayıb.

Ötən gün həm də qaçqın məsələsinə dair Aİ-Türkiyə sammiti keçirilib. Tərəflər arasında yekun sənəd qəbul edilməyib. Martın 17-18-nə təyin olunmuş növbəti sammitədək Türkiyə tərəfi ilə miqrasiya planının detalları hazırlanacaq. Tərəflər arasında altı prinsip əsasında işləmək barədə razılıq əldə edilsə də, onlar açıqlanmayıb.

Bu baxımdan Aİ liderlərinin miqrasiya böhranının tənzimlənməsi planı üzrə Türkiyə ilə razılığa gələ bilmədiyini ehtimal etmək olar. Başqa sözlə tərəflər biri-birinə vədlər verib.

Prinsiplərin bəziləri mətbuata sızıb. "Yeni plana" əsasən Türkiyə Avropaya qanunsuz keçmiş qaçqınları öz ərazisinə gətirməlidir.

Türkiyə isə bunun üçün Birlikdən 6,6 milyard avro istəyir, Aİ isə 3,3 milyard avro təlikf edir. Bundan başqa Türkiyə özünün tez bir zamanda Şengen zonasına qəbul edilməsinə çalışır.

Türkiyə vətəndaşları üçün Aİ ölkələrinə vizanın liberallaşdırılması ən geci bu il iyunun sonundək həll edilə bilər.

Bu kimi prinsiplər arasında türk dövlətinin Aİ-yə üzvülük məsələsi gündəlikdə deyil. Avropa rəsmiləri Türkiyə ilə strateji əməkdaşlığın da vacib olduğunu vurğulayırlar. Ancaq bunun da nədən ibarət olduğu açıqlanmır.

Bununla belə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva Andreyeva "twitter"də yazıb: "Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Aİ sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə qaçqın böhranının birgə həlli ilə bağlı əsas prinsiplər barədə razılıq əldə edib".

Almaniya kansleri Angela Merkel isə daha ehtiyatla danışıb: "Planlar reallaşandan sonra dalandan çıxıldığını söyləmək olar".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının ritorik bəyanatlarla verdiyi vədlərin davam etdiyinin söyləyib: "Avropanın verdiyi ilk vəddən 4 ay keçməsinə baxmayaraq, hələ də Türkiyəyə pul verilməyib".

Üzşləşdiyi qaçqınlar problemi ilə bağlı öz istəklərini qəbul etdirməyə çalışan Avropa İttifaqı Türkiyəyə insan haqları və mətbuat azadlığı kimi məsələlərlə təzyiq etməyi də unutmur.

BMT də qaçqınların bir ölkədən başqa bir ölkəyə qaytarılması ilə bağlı Aİ-Türkiyə arasındakı razılığa etirazını bildirib.

Aİ-nin Türkiyə qarşısında qoyduğu tələblərdən biri də rəsmi Ankaranın viza siyasətinə yenidən baxması ilə bağlıdır. Məsələn, Türkiyə bu il yanvarın 8-dən etibarən Suriya vətəndaşlarına viza tətbiq edir.

Bununla belə qərarın suriyalı qaçqınlar üçün tətbiq olunmayacağı haqda da xəbərlər yayılıb. Elə bir neçə ay əvvəl 89 ölkənin vətəndaşlarına Türkiyənin viza rejimi tətbiq edəcəyi haqda məlumatın yayılması da Aİ-nin istəyindən irəli gəldiyi istisna edilmir.

Qaçqınlara sığınacaq verilməsi sadəcə humanitar məsələnin həlli demək deyil. Bu dövlətin təhlükəsizlik, milli maraqlarının ödənilməsi, hətta ərazi bütövlüyü kimi məsələləri özündə ehtiva edir. Avropalılar qitəyə sığınan qaçqınların perspektivdə həm sadaladığımız sahələrdə, həm də demoqrafiyaya ciddi təsir göstərəcəyindən ehtiyatlanırlar.

Müxtəlif təbəqələrdən və entik qrupların təmsilçilərindən, ayrı dövlətin vətəndaşlarından ibarət 3 milyona yaxın qaçqının Türkiyə ərazisində yerləşdirilməsi, yaxud buna məcbur olması perspektivdə yaxşı heç nə vəd etmir. Həmin qaçqınlar arasında perspektivdə Türkiyənin ərazi bütövlüyünə düşmən olan terrorçulara qoşulanı olacağını da istisna etmək ağılsızlıq olardı.

Aİ bu məsələdə Türkiyənin istədiyi maliyyə vəsaitini ayırmaqdan yayınmağa, müxtəlif bəhanələr gətirməyə çalışır. Türk dövlətinin vəziyyəti isə belədir: Suriya və İraqdan keçən terrorçu PKK-nın qolları Türkiyə ərazisində partlayışlar törədir, ölkənin ərazi bütövlüyünü təhdid edirlər. Davamlı olaraq Suriyadan Türkiyə ərazisinə bomba atırlır. Ölkənin Suriya və İraqla sərhəd bölgələrində qeyri-sabitlik yaratmağa çalışırlar.

Yayılan məlumatlara görə isə, Aİ-yə üzv dövlətlərin bəziləri, ABŞ və Rusiya isə PKK-nın Suriyadakı qolları "PYD" və "YPG"yə silah-sursat yardımı edir, onları təlimatlandırır.

Suriya ilə Türkiyə arasında sərhədin uzunluğu 911 km-dir. Ötən gün bunun 800 km-dən artıq hissəsinə "YPG"nin nəzarət etdiyi haqda xəbər yayılıb. Başqa tərəfdən PKK, "PYD", "YPG", Marksçı-Leninçi Kommunist Partiyası, Sosilaist Yenidənqurma Partiyası kimi terrorçu qruplaşmalar Türkiyəyə basqın edərək, onu dağıtmağa hər an hazırdırlar. Yaxud onları elə yetişdiriblər.

Bu baxımdan Türkiyənin təhlükəsizliyi, ərazi bütövlüyü də təhdidlə üz-üzədir. Bir yandan türk dövlətindən demokratik islahatların aparılması, o biri tərəfdən terrorçuluğa qaşrı mübarizədə həmkarlıq, başqa bir tərəfdən isə Suriya və İraqdan olan qaçqınların ölkə ərazisində yerləşdirliməsi istənilir. Bunun qarşılığında 3,3 milyard avro pul vəd olunur. Digər tərəfdən Türkiyəyə qarşı olan silahlı və silahsız qruplar dəstəklənir.

Bu təzadlı yanaşmada türk dövlətinin mənafeyinin təmin olunması heç görünmür. Odur ki, indiki şərtlər daxilində və bölgədəki mövcud vəziyyət fonunda rəsmi Ankaranın Aİ ilə razılaşması ehtimalı yaxşı heç nə vəd etmir. Bu, müəyyən mənada "Rus Amerikası"nın, Alyaskanın satılmasına da oxşayır. Yarımadanı 1867-ci il martın 30-da Rusiya çarıçası II Yekatrina 7,2 milyon dollara satıb. Osmanlı ilə müharibədən sonra Rusiyanın xəzinəsi boşaldığından çarıçanın bu addımı attıdığı əsas səbəb olaraq göstərilir.

Beləliklə, Türkiyə qaçqın məsələsində çox çətin imtahanla üz-üzədir. Öz rahatlığını pozmaq istəməyən Avropa, Yaxın və Orta Şərqdə maraqlarının təmin olunmasından vaz keçməyən ABŞ və müttəfiqlərinin, Türkiyənin dağılıb, yox olmasını istəyən yaxın və uzaq qonşularının belə şəraitdə türk dövlətinə münasibətdə səmimi olduqları heç ağılabatan görünmür.

Son xəbərlər

Orphus sistemi