ATƏT XİNŞ-in iclası: uğurlar və müvəffəqiyyətsizliklər

ATƏT XİNŞ-in iclası: uğurlar və müvəffəqiyyətsizliklər Dağlıq Qarabağ münaqişəsinin həlli problemi kölgədə qalıb
Analitika
6 Dekabr , 2014 18:13
ATƏT XİNŞ-in iclası: uğurlar və müvəffəqiyyətsizliklər

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 6-da İsveçrənin Bazel şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclası başa çatıb. İclasda təşkilatın 57 ölkəsi və tərəfdaş ölkələr beynəlxalq siyasət nöqteyi-nəzərindən mürəkkəb olan ilin yekunlarını başa vurub.

Toplantıda bir sıra qərarlar, o cümlədən antisemitizmin qarşısının alınması, gender bərabərliyinin qorunması ilə bağlı qərarlar qəbul edilib. ATƏT-ə 2014-cü ildə sədrlik edən ölkə kimi İsveçrə "Aqil insanlar qrupu"nun yaradılmasına təşəbbüs edib. Həmin qrup təhlükəsizlik çağırışlarına cavablar üzrə tövsiyələrin hazırlanması ilə məşğul olmalıdır. ATƏT-ə üzv ölkələrin XİN rəhbərləri 2016-cı ildə Almaniyanın, 2017-ci ildə də Avstriyanın təşkilata sədrlik edəcəyi haqqında qərar qəbul ediblər. 

Lakin toplantı iştirakçıları müzakirələrin əsas mövzusu olan Ukraynadakı böhranla bağlı sənədi qəbul edə bilməyiblər. ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkxalter təəssüflə qeyd edib ki, tərəflər "münaqişənin səbəblərinin müəyyənləşdirilməsindəki fikir ayrılığı"na görə yekun sənəd qəbul edə bilməyiblər. ATƏT XİNŞ-in bütün qərarları konsensus əsasında qəbul etdiyini nəzərə alaraq, bu, prinsip etibarilə gözlənilən idi.

İclasda çıxışların əsas hissəsi Ukraynadakı münaqişəyə həsr olunub. Həm ATƏT ölkələrinin, həm də tərəfdaş ölkələrin nazirləri bu ölkədəki vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. ATƏT-in baş katibi Lamberto Zanyer iclasın yekunlarına əsasən bildirib ki, "bu il təşkilatın tarixində ən çətin və mürəkkəb illərdən biri olub". 

Bununla belə, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi kölgədə qalıb. Şübhəsiz ki, bu məsələ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı qaldırılıb. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu münaqişənin tezliklə həll olunacağına ümidvar olduğunu bildirib. Lakin münaqişə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin ATƏT XİNŞ-in iclasında çıxışları zamanı hətta səthi olaraq belə qeyd edilməyib. 

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri sadəcə birgə bəyanatla kifayətləniblər və tərəfləri münaqişənin artmasına yol verməməyə və böyük sülh müqaviləsinin üzərində işləməyə çağırıblar. Azərbaycan dəfələrlə bu istiqamətdə işləməyə hazır olduğunu bəyan edib. 

Yanvarın 1-dən ATƏT-ə sədrlik İsveçrədən Serbiyaya keçəcək. Təəssüf ki, İsveçrənin vasitəçilik təcrübəsi regionda uzun müddət davam edən münaqişələrin həllinə yardım edə bilməyib. Bundan başqa, 2014-cü ildə ATƏT regionunda münaqişələrin sayı artıb. Serbiyanın sədrliyinin bu məsələdə daha uğurlu olacağına ümid etmək qalır. 

Son xəbərlər

Orphus sistemi