Azad olunan ərazilərin sakinləri üçün peşə hazırlığı kursları təşkil edilib

Azad olunan ərazilərin sakinləri üçün peşə hazırlığı kursları təşkil edilib İşğaldan azad olunan ərazilərin sakinlərinin məşğulluq vəziyyəti ilə tanışlıq məqsədilə Ağdam Sənaye Parkına mediatur təşkil olunub.
Sosial müdafiə
3 May , 2024 13:58
Azad olunan ərazilərin sakinləri üçün peşə hazırlığı kursları təşkil edilib

İşğaldan azad olunan ərazilərin sakinlərinin məşğulluq vəziyyəti ilə tanışlıq məqsədilə Ağdam rayonuna mediatur təşkil olunub.

"Report"un Ağdama ezam olunan əməkdaşının verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan mediatur işğaldan azad edilmiş ərazilərin sakinləri üçün Ağdam rayonunda həyata keçirilən peşə tədrisi prosesi ilə tanışlıq məqsədi daşıyıb.

Media nümayəndələrinə davam etdirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin əsas istiqamətlərindən biri olaraq sakinlərin peşə hazırlığının təşkilinə yönəlik işlərin də aparıldığı bildirilib.

Həmçinin qeyd olunub ki, Ağdam rayonunda fəaliyyət göstərən müəssisə ilə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinin birgə təşkil etdiyi kurslarda geniş profilli dəzgahçı peşəsi öyrədilir.

İki ay davam edəcək kurslar nəzəri və praktiki təlimlərdən ibarətdir. Təlimlərin praktiki hissəsini Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər həyata keçirir. Üç qrup üzrə təşkil edilən kurslara artıq 31 nəfər cəlb edilib. Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstərilir.

Media nümayəndələrinin kursları bitirib işlə təmin olunmuş şəxslərin bir qismi ilə də görüşü də nəzərdə tutulub. Onların iş şəraiti media nümayəndələrinə təqdim olunacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər peşə kurslarına müraciət etmək üçün DOST mərkəzlərinə, məşğulluq filiallarına yaxınlaşaraq və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi