Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib - YENİLƏNİB

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib - YENİLƏNİB Türkiyənin paytaxtı Ankara şəhərində bu gün Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
Region
8 May , 2024 17:19
Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib - YENİLƏNİB

Türkiyənin paytaxtı Ankara şəhərində bu gün Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

“Report”un Ankara bürosu xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsinə bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş türk xalqına dərin təşəkkür ifadə olunub. İki ölkənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hər zaman bir-birinin mövqeyini dəstəklədikləri vurğulanıb.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) böyük önəm verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində bu təşkilat Azərbaycan üçün əsas beynəlxalq qurum kimi dəyərləndirilmiş, TDT çərçivəsində səylərin davam etdirilməsi hökumət qarşısında xarici siyasət prioriteti kimi qoyulmuşdur.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası təqdir edilib. Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarət dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə olunub. 2023-cü ildə qarşılıqlı ticarətin 31% artaraq rekord 7,65 mlrd. ABŞ dollarına çatdığı bildirilib, ticarət dövriyyəsi həcminin 15 mlrd. ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərmək əzmində olduqları bildirilib.
Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulanıb.

Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət Planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olunub. Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhəng layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb.

İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerji gündəliyində duran aktual məsələlərdən biri kimi dəyərləndirilib. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək 2023-cü ildə iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 42,5% artdığı diqqətə çatdırılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu. Dəmir yolunun genişləndirilmə işlərindən sonra yaxın zamanda istismara verilməsi BTQ ilə daşınan yüklərin həcminin 5 milyon tona çatdırılmasına şərait yaradacaq.

Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Türkiyə tərəfinin diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunur. Azərbaycana daxil olan Türkiyə avtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğv olunub. Eyni zamanda avtomobil daşımaları üçün mübadilə edilən icazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb.

İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, bərpa olunan enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə, COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

Sonda Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planlını imzalayıblar.

İki ölkə arasında, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.

Daha sonra Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.

16:37

Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib.

Bu barədə “Report”un Ankara bürosu məlumat verir.

Mərasimdə sənədlərin imzalanma mərasimi olub.

İclasdan sonra mətbuat konfransı keçirilir.

Son xəbərlər

Orphus sistemi