Qızılhacılı kəndinin 73 yaşlı sakini: Şükürlər olsun ki, kəndlərimiz qan tökülmədən qaytarılır

Qızılhacılı kəndinin 73 yaşlı sakini: Şükürlər olsun ki, kəndlərimiz qan tökülmədən qaytarılır Şükürlər olsun ki, qan tökülmədən kəndlərimiz qaytarılır.
Daxili siyasət
20 Aprel , 2024 21:14
Qızılhacılı kəndinin 73 yaşlı sakini: Şükürlər olsun ki, kəndlərimiz qan tökülmədən qaytarılır

Şükürlər olsun ki, qan tökülmədən kəndlərimiz qaytarılır.

Bunu 32 il erməni işğalından sonra Azərbaycana qaytarılan Qızılhacılı kənd sakini, 73 yaşlı Xasməmməd Mustafayev "Report"un Qərb bürosuna müsahibəsində bildirib.

O, illər ərzində kəndlərinin həsrətində olduğunu, oraya qayıdıb ömrünün sonuna qədər yaşamaq istədiyini deyib.

"1992-ci il mayın 11-də dədə-baba kəndimizdən çıxmağa məcbur olduq. Ermənilər biz kənddən çıxdıqdan sonra bütün evləri yandırdılar, kəndi viran etdilər. Məcburi olaraq Qazax şəhərində yaşadıq. Çətin günlərdən keçmişik, həmişə kəndimizin həsrətində olmuşuq. Prezidentimizə təşəkkür edirəm ki, onun siyasəti nəticəsində kəndlərimizə qovuşuruq", - X.Mustafayev vurğulayıb.

O, Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə olunması xəbərini eşidəndə sevincindən yerə-göyə sığmadığını söyləyib:

"Gölün sahilində olan səfalı və gözəl kəndimizə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Yenə kəndimizdə evlər inşa ediləcək, sakinlər öz ata-baba yurdunda sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar".

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi